Banan yemək üçün ən uyğun vaxt hansıdır?

Banan həm enerji verən, həm də kalium və vitaminlərlə zəngin meyvələrdən biridir. Tərkibindəki kalium əzələlərin normal işləməsində, B və C vitaminləri isə orqanizmin müxtəlif funksiyalarının dəstəklənməsində mühüm rol oynayır. Bu meyvə həzm prosesinə də müsbət təsir göstərə və orqanizmin enerji ehtiyatlarının bərpasına kömək edə bilər.

Foodinfo.az saytına istinadən, bananı səhər, yoxsa axşam yeməyin daha faydalı olması ilə bağlı ciddi vaxt məhdudiyyəti yoxdur. Bununla belə, mütəxəssislər onu acqarına qəbul etməməyi tövsiyə edirlər. Bananı əsas yeməkdən təxminən 30–60 dəqiqə sonra yemək, yaxud nahar və şam yeməyindən bir saat əvvəl qəbul etmək mümkündür.

Fiziki aktivliklə məşğul olanlar üçün banan məşqdən sonra da yaxşı seçim hesab olunur. Meyvənin tərkibindəki karbohidratlar enerji ehtiyatlarının bərpasına, kalium isə əzələlərin normal fəaliyyətinə dəstək verir. Xüsusilə məşqdən sonra qəbul edildikdə bərpa prosesinə kömək edə bilər.

Bananın kalorili meyvə olduğunu da nəzərə almaq lazımdır. Çəkisinə nəzarət edənlər gündəlik qida rasionunda onun miqdarını ümumi kalori ehtiyaclarına uyğunlaşdırmalıdırlar. Əsas məsələ bananı günün hansı saatında yeməkdən çox, balanslı qidalanma və porsiya ölçüsüdür.