Məkkə Paktından sonra daha bir ittifaq quruldu

“Pakistan, Türkiyə, Qətər və İndoneziya arasında oktyabrın 21-də Dohada müdafiə memorandumu imzalanıb. Sənədə imza atan ölkələr müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməyi hədəfləyirlər”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, memorandumun məqsədi dörd ölkə arasında silah istehsalı, texnologiya və təlim sahələrində əməkdaşlığı dərinləşdirməkdir:

“Razlaşma çərçivəsində əsasən müdafiə məhsullarının istehsalı sahələrində daha sıx əməkdaşlıq nəzərdə tutulub. Bu çərçivəyə birgə tədqiqat layihələri, müdafiə komponentlərinin istehsalı, texniki təlim və mühəndislik təcrübəsinin mübadiləsi daxildir. Tərəflər birgə hazırlanan məhsulları hər ölkənin tələblərinə uyğunlaşdırmağı və beynəlxalq bazarlarda satışını həyata keçirməyi də planlaşdırırlar.

Memorandumu imzalayan 4 ölkə arasında hərbi-texniki istehsal sahəsində Türkiyə və Pakistan irəlidədir. Türkiyə son 20 ildə hərbi sənaye kompleksini xeyli inkişaf etdirib. Bura modern dronlardan tutmuş hərbi gəmilər, zirehli texnika və döyüş təyyarələri istehsalına qədər sahələr aiddir. Türkiyə 2012-ci ildən 2026-cı ilin ilk 9 ayınadək təxminən 54 milyard dollarlıq müdafiə və aerokosmik məhsul ixrac edib. Bu məbləğin 30 milyard dollardan çoxu 2023-2026-cı illərdə qeydə alınıb və 14 illik dövr üzrə ixracın 55 faizindən çoxunu təşkil edib”.

Elxan Şahinoğlu vurğulayıb ki, böyük maliyyə imkanlarına malik olan Qətər son illərdə məhz Türkiyə hərbi texnikalarına üstünlük verir:

“İndoneziya Türkiyənin “Atmaca” gəmi əleyhinə raketlərinin tədarükünü və birgə istehsalını da planlaşdırır. Pakistan isə Çinin dəstəyi hesabına hərbi istehsalını modernləşdirə bilib. Qətər və İndoneziya Bədr Sazişinə imza atmaqla Türkiyə və Pakistanın hərbi-texniki inkişafından daha çox faydalanmağa üstünlük verirlər.

Bədr Sazişinin əsas məqsədlərindən biri sənədə imza atan ölkələrin ABŞ hərbi texnikasından asılılığı azaltmaqdır. Saziş üzvlərinin hər biri keçmişdə ABŞ-dən müxtəlif növ hərbi texnika alıblar və bu proses uzun illər davam edib. Ancaq bu işbirliyi getdikcə çətinləşib. Çünki ABŞ-dən modern hərbi texnika almaq üçün yalnız bu ölkənin prezidentinin və Pentaqonun razılığı kifayət etmir. Konqres istənilən dövlətə hərbi texnika satışını əngəlləyə bilər. Məsələn, Türkiyə pulunu ödədiyi F-35 hərbi təyyarələrini ABŞ-dən ala bilmir. ABŞ Prezidenti Donald Tramp satışa qarşı çıxmasa da, bunun həlli ondan asılı deyil.

Demokratlar Partiyasının Konqresə keçirilən aralıq seçkilərində qələbə qazanması, Nümayəndələr Palatasıyla Senata nəzarəti ələ keçirməsi Türkiyə, Pakistan və digər dövlətlərin ABŞ-dən modern hərbi texnika alışını daha da çətinləşdirib. Bu səbəbdən Bədr Sazişinə imza atan ölkələr ABŞ-yə ehtiyac duymadan öz aralarında hərbi-texnika istehsalını genişləndirməyə, bunun üçün zəruri addımları atmağa qərar veriblər. Ümumiyyətlə, Məkkə və Bədr sazişləri ABŞ-nin bölgədə hegemoniyasının zəiflədiyini göstərir. Bölgədə bir-birinə tərəfdaş olan ölkələr hərbi-texniki sahədə əməkdaşlığı şaxələndirməyə ehtiyac duyurlar”.

Politoloq əlavə edib ki, Məkkə Müdafiə İttifaqının və Bədr Sazişinə yeni dövlətlər qoşulsa, bu, ABŞ-nin Avrasiya bölgəsində mövqelərinin zəifləməsinə şərait yaradacaq: “Azərbaycan isə nə Məkkə Müdafiə İttifaqına, nə də Bədr Sazişinə qoşulub. Azərbaycan hərbi texniki istehsalda ikitərəfli əlaqələrə üstünlük verir”.