Dünyanın ən böyük kabus ovçusuna dünyanın ən böyük tələsini qurduğuna görə hansı mükafat düşür? Nobel!
Bu il fizika üzrə Nobel mükafatını alan Frensis Halzen məhz bu işi görüb. “Kabus hissəciyi” adlanan neytrinonu müşahidə etmək üçün ağlasığmaz, fantastik layihə olan “İce Cube” – Buz kubunun yaradılmasını əsaslandırıb.
Amma bunun mənasını başa düşmək üçün əvvəlcə neytrino ilə tanış olmalıyıq.
Neytrino o qədər balaca hissəcikdir ki, atomun içində qarışqa stadionda gəzən kimi gəzir. Atomun daxili əsasən boşluqdan ibarətdir. Onun nüvəsini tennis topu boyda böyütsək, ən yaxın elektron tribunanın yanında olacaq. Kvant miqyasına görə çox balaca olan neytrinonun bu boşluqda nə iləsə toqquşmaq ehtimalı praktik olaraq sıfıra bərabərdir.
Təsəvvür edin, bir neytrinonu saxlamaq üçün dəmirdən divar tiksək, onun qalınlığı 1 işıq ili enində olmalıdır ki, neytrino oradan keçərkən təsadüfən hansısa hissəciyə toxunub, enerjisini versin.
Hər saniyə sizin bədəninizdən trilyonlarla neytrino keçib gedir. 70-80 il ərzində onlardan biri bədəninizdəki hansısa protonla toqquşa bilər.
Belə bir kabus, əcinnə hissəciyin mövcudluğunu Volfqanq Pauli 30-cu illərdə nəzəri olaraq başa düşmüşdü. Amma aydın deyildi ki, bunu necə tutmaq olar. Qabağına detektor qoyacaqsan, cin divardan keçən kimi keçib gedəcək. Neytrio üçün bütün Kainat boşluqdan ibrətdir. Pauli özü inanmırdı ki, nə vaxtsa neytrinonu qeydə almaq mümkün olacaq. Ona görə 50-ci illərdəki ilk uğurlu ekspertiment haqqında məlumatı alanda artıq qocalmış alim sevinclə belə demişdi: “Düzgün gözləməyi bacaran adam gözlədiyini alacaq”.
1988-ci ildə bizim qəhrəmanımız Frensiz Halzen belə bir təklif irəli sürür ki, neytrinonu tutmaq üçün tilinin uzunluğu bir kilometr olan şəffaf bir kub lazımdır. Oradan hər saniyə 100 trilyon neytrino keçirsə, bunu bir ilə vursaq, alınan o ağlasığmaz sayda neytrinodan 30-40 dənəsinin toqquşacağını görə bilərik. Sırf statistik olaraq.
Tilinin uzunluğu bir kilometr olan ideal şəffaf kub isə ancaq bir yerdə ola bilər: Antarktidanın dərinliyində.
Elm, bax, budur: 30 dənə neytrinonu qeydə almaq üçün Cənub qütbündə buzun altında 1450 metr dərinlikdən başlayaraq, 2450 metrə qədər uzanan kub kəsirlər. Onun daxilinə 5160 sensor yerləşdirirlər. 280 milyon dollar xərc çəkib, əsrin fantastik elmi qurğularından birini yaradırlar. Və 38 il sonra buna görə Frensis Halzen “Nobel” alır.
Bu müddətdə Buz kubu elmə hansı töhfələri verib? Ümumiyyətlə, neytrinolar harada, necə, niyə yaranır? Ondan necəsə faydalanmaq mümkündürmü?
Bu barədə gələn dəfə.