Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda yaşadığı evin pəncərəsindən yıxılaraq həyatını itirən məşhur türkiyəli müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaq davam edir.
İstintaq çərçivəsində Güllünün qızı Tuğyan Ülkem Gülterin rəfiqəsi Sultan Nur Ulu növbəti dəfə ifadə verib. Tuğyan Ülkem Gülter anasını əvvəlcədən planlaşdıraraq qəsdən öldürməkdə ittiham olunur.
Bu barədə Moderator.az "Haber Global"a istinadən məlumat verir.
İlkin və sonrakı ifadələri arasında ziddiyyətlər olduğu üçün mühakimə olunan Sultan Nur Ulu hadisə ilə bağlı əvvəlcə niyə susduğunu izah edib. O, Tuğyan Ülkem Gülter tərəfindən təhdid olunduğunu iddia edib.
Qeyd edək ki, Sultan Nur Ulu barəsində yalan ifadə vermə maddəsi ilə cinayət işi üzrə 2 ildən 4 ilədək həbs cəzası tələb olunub.
Belə ki, Sultan Nur Ulu ilkin ifadələrində Güllünün sərxoş olduğunu və pəncərədən yıxıldığını bildirsə də, sonrakı ifadəsində Tuğyan Ülkem Gülterin anasını ombasından tutaraq pəncərədən aşağı atdığını gördüyünü deyib.
Məhkəmə iclasında Sultan Nur Ulu və onun vəkili, eləcə də Güllünün oğlu Tuğberk Yağız Gülter və onun vəkilləri iştirak ediblər.
Sultan Nur Ulu bildirib ki, Tuğyan Ülkem Gülter onu təhdid edib və ona təzyiq göstərib.
"Əvvəlcə həqiqəti deyə bilməməyimin səbəbi Tuğyanın məni "Mən yansam, sən də yanacaqsan" deyərək təhdid etməsi idi. Bir gün avtomobildə gedərkən "Maşının əyləci işləmir" deyərək məni qorxutdu. O, mənə təzyiq göstərirdi. Həmin vaxtkı vəkilim baş verənləri doğru zamanda, bütün sübutlar toplandıqdan sonra danışmağımı məsləhət gördü. Mən də onun məsləhətinə əməl etdim. Tuğyandan uzaqlaşdıqdan sonra hər şeyi polisə danışdım. Günahı mənim üzərimə ata biləcəyindən qorxurdum. Buna görə də həqiqəti deyə bilmədim", - deyə Sultan Nur Ulu bildirib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Müdafiə tərəfinin çıxışından sonra Tuğberk Gülter və vəkilləri Sultan Nur Uluya qarşı şikayət ərizəsi verdiklərini bildiriblər. Ulunun vəkili Erol Özgüç isə müvəkkilinin təzyiq altında olduğunu vurğulayıb.
"Müvəkkilim sübutların toplanmasını gözləyib. Hadisə ilə bağlı həqiqəti hüquq-mühafizə orqanlarına və məhkəməyə bildirib. Müvəkkilimizin ona qarşı irəli sürülən ittihamlar üzrə bəraət almasını tələb edirik", - deyə o qeyd edib.