Planetimiz getdikcə dərinləşən iqlim böhranı ilə üz-üzədir. Dünyanın müxtəlif bölgələrində quraqlıqlar, daşqınlar, ekstremal istilər, su qıtlığı və ərzaq təhlükəsizliyi problemləri daha ciddi xarakter alır. Lakin bütün bu təhlükələr fonunda beynəlxalq siyasətin və dövlət büdcələrinin əsas prioritetlərindən biri hərbi təhlükəsizlik, müdafiə qabiliyyətinin gücləndirilməsi və silahlanma olur. Bir tərəfdən müharibələrin qarşısını almaq, dövlətlərin təhlükəsizliyini təmin etmək üçün nəhəng maliyyə resursları səfərbər edilir, digər tərəfdən isə bəşəriyyətin gələcəyini təhdid edən iqlim böhranına qarşı mübarizə lazımi maliyyə təminatından məhrum qalır. Bu, sadəcə büdcə bölgüsü ilə bağlı texniki məsələ deyil, söhbət dünyanın gələcək nəsillərin taleyinə hansı səviyyədə məsuliyyətlə yanaşmasından gedir. Müharibələr insanların həyatını və dövlətləri birbaşa təhdid etdiyi kimi, iqlim dəyişikliyi də iqtisadiyyatları zəiflədir, yaşayış məntəqələrini təhlükə altına salır, miqrasiyanı sürətləndirir və sosial gərginliyi artırır. Başqa sözlə, iqlim böhranı artıq yalnız ekoloji problem deyil, həm də qlobal təhlükəsizlik məsələsidir.
Diqqətçəkən əsas ziddiyyət ondan ibarətdir ki, dövlətlər müdafiə xərclərini artırmaq üçün siyasi iradə və maliyyə imkanları tapa bildikləri halda, iqlim öhdəliklərinin yerinə yetirilməsində eyni qətiyyət müşahidə olunmur. Beynəlxalq inkişaf yardımlarının azalması da bu mənzərəni daha mürəkkəb edir. Nəticədə iqlim dəyişikliyinin ən ağır nəticələri ilə üzləşən, lakin bu böhranın yaranmasına ən az töhfə verən ölkələr maliyyə çatışmazlığı ilə baş-başa qalırlar. Əlbəttə, dövlətlərin müdafiə qabiliyyətini gücləndirməsi onların suverenliyi və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Ancaq təhlükəsizliyi yalnız hərbi potensialla ölçmək nə qədər doğrudur? Əgər bir ölkədə su ehtiyatları tükənirsə, kənd təsərrüfatı məhsuldarlığı azalırsa, əhali quraqlıq və daşqınlar səbəbindən yaşayış yerlərini tərk etməyə məcbur qalırsa, həmin ölkənin təhlükəsizliyindən hansı səviyyədə danışmaq mümkündür? Məhz buna görə iqlim maliyyəsinin beynəlxalq gündəmdə ikinci dərəcəli məsələ kimi qəbul edilməsi ciddi strateji yanlışlıqdır. Bu gün adaptasiyaya yatırılmayan vəsait sabah daha böyük iqtisadi itkilər, humanitar böhranlar və təhlükəsizlik problemləri şəklində geri qayıda bilər.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) COP31 ərəfəsində açıqladığı “İqlimə uyğunlaşma üzrə qlobal hesabat” problemin miqyasını konkret rəqəmlərlə ortaya qoyur. Hesabata görə, inkişaf etməkdə olan ölkələrin 2035-ci ilədək iqlim dəyişmələrinə uyğunlaşmaq üçün illik maliyyə ehtiyacı 305 milyard dollar səviyyəsində qiymətləndirilir. Bu rəqəm qlobal iqlim siyasətinin qarşısında duran ən böyük problemlərdən birini göstərir: ehtiyaclarla real maliyyə imkanları arasında ciddi uçurum var. İqlim dəyişmələrinin təsirlərini azaltmaq, su infrastrukturlarını yeniləmək, kənd təsərrüfatını dəyişən iqlim şəraitinə uyğunlaşdırmaq, daşqınlardan və quraqlıqlardan qorunmaq üçün inkişaf etməkdə olan ölkələrə böyük həcmdə investisiya lazımdır. Lakin beynəlxalq maliyyə axınları bu ehtiyacları qarşılamaqdan xeyli uzaqdır. İtki və Zərər Fondunun vəziyyəti də problemin nə qədər ciddi olduğunu göstərir. UNEP-in hesabatında göstərilən məlumatlara əsasən, fondun ilk maliyyələşmə mərhələsində inkişaf etməkdə olan ölkələrdən daxil olan müraciətlərin ümumi dəyəri 2,8 milyard dollar təşkil edib. Halbuki həmin mərhələ üçün fondun ilkin maliyyə imkanları cəmi 342 milyon dollar olub. Başqa sözlə, müraciətlərin ümumi məbləği mövcud maliyyə imkanlarını təxminən səkkiz dəfə üstələyib. Bu fərq sadəcə statistik göstərici deyil. Onun arxasında daşqın nəticəsində evini itirən ailələr, quraqlıqdan məhsulu məhv olan fermerlər, su qıtlığı ilə üzləşən yaşayış məntəqələri və iqtisadiyyatı ciddi zərər görən ölkələr dayanır. İqlim fəlakətlərinin vurduğu zərəri kompensasiya etmək üçün yaradılan mexanizmlərin belə kifayət qədər maliyyələşdirilməməsi beynəlxalq həmrəyliyin real vəziyyəti barədə ciddi suallar doğurur.
Belə bir şəraitdə COP31-in əhəmiyyəti daha da artır. Qarşıda duran əsas məsələ növbəti beynəlxalq sammitdə yeni bəyanatların və maliyyə vədlərinin səsləndirilməsi deyil. Əsas çağırış əvvəlki öhdəliklərin konkret nəticələrə çevrilməsidir. Çünki iqlim diplomatiyasında artıq kifayət qədər strategiyalar, fəaliyyət planları və siyasi bəyanatlar mövcuddur. Lakin onların icrası, maliyyənin vaxtında ayrılması və ehtiyacı olan ölkələr üçün əlçatan olması sahəsində ciddi problemlər qalmaqdadır. İnkişaf etməkdə olan ölkələr üçün ayrılan vəsaitin hansı şərtlərlə təqdim edilməsi, maliyyə mexanizmlərinin nə dərəcədə əlçatan olması və ayrılan resursların real nəticə verib-verməməsi də mühüm məsələlərdir.
Azərbaycanın COP31 kontekstində vurğuladığı əsas çağırışlardan biri də mövcud beynəlxalq öhdəliklərin yerinə yetirilməsidir. Bu mövqe xüsusilə ona görə əhəmiyyətlidir ki, iqlim böhranının nəticələri ilə mübarizə ayrı-ayrı ölkələrin imkanları çərçivəsində həll edilə biləcək problem deyil. Burada beynəlxalq məsuliyyət, maliyyə həmrəyliyi və kollektiv fəaliyyət əsas şərtlərdir.
İqlim maliyyəsi məsələsi Azərbaycan üçün də aktualdır. Su ehtiyatları, kənd təsərrüfatı, torpaq resursları və ekosistemlər üzərində artan təzyiq adaptasiya tədbirlərinin əhəmiyyətini daha da artırır. Azərbaycan üçün su təhlükəsizliyi strateji məsələlərdən biridir. İqlim dəyişmələri nəticəsində yağıntı rejiminin dəyişməsi, temperaturun yüksəlməsi və su ehtiyatlarına təzyiqin artması kənd təsərrüfatından tutmuş əhalinin su təminatına qədər müxtəlif sahələrdə risklər yaradır. Bu baxımdan su infrastrukturunun modernləşdirilməsi, su itkilərinin azaldılması, müasir suvarma texnologiyalarının tətbiqi və ekosistemlərin qorunması uzunmüddətli inkişafın vacib şərtlərindəndir. Digər tərəfdən, Azərbaycanın iqlim gündəliyində iştirakını yalnız milli maraqlar çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Ölkəmizin beynəlxalq platformalarda iqlim maliyyəsinin əlçatanlığı və öhdəliklərin icrası məsələlərini qabartması qlobal həmrəyliyin gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
Bütün bu reallıqlar bir mühüm nəticəyə gətirir: dünya təhlükəsizlik anlayışına yenidən baxmalıdır. Hərbi təhlükəsizlik, əlbəttə, dövlətlərin mövcudluğu və suverenliyi üçün vacibdir. Lakin su, ərzaq, enerji və ekoloji təhlükəsizlik olmadan dayanıqlı inkişafdan danışmaq mümkün deyil. Bu gün müdafiə büdcələrinin artırılması ilə iqlim maliyyəsinin çatışmazlığı arasında yaranan ziddiyyət gələcəyin qlobal siyasətində ən ciddi sınaqlardan birinə çevrilir. Əgər dövlətlər iqlim böhranını real təhlükə kimi qəbul edirlərsə, bu münasibət yalnız beynəlxalq çıxışlarda deyil, büdcə qərarlarında da öz əksini tapmalıdır.
COP31 qarşısında duran əsas sual da məhz budur: dünya ölkələri iqlim böhranını qlobal təhlükəsizliyə təhdid kimi qəbul etməyə və buna uyğun maliyyə məsuliyyəti daşımağa hazırdırmı? İqlim maliyyəsi xeyriyyəçilik deyil, bəşəriyyətin ortaq gələcəyinə qoyulan zəruri sərmayədir. Artıq beynəlxalq sammitlərdə verilən vədlərin sayını artırmaq yox, onların icrasını təmin etmək vaxtıdır. Planetin xilası kağız üzərindəki öhdəliklərlə deyil, real maliyyə, siyasi iradə və konkret fəaliyyətlə mümkün olacaq.\\Musavat.com