Bakı, 11 noyabr, AZƏRTAC AZƏRTAC xaricdə yaşayan və çalışan azərbaycanlı həmvətənlərimizlə silsilə söhbətləri davam etdirir. Bu gün müsahibimiz Antalya Dövlət Opera və Balet Teatrının solisti, mezzo-soprano Medina Tuqanovadır.Semiha Berksоy adına Opera Fondunun “Türkiyə operasına töhfə verən sənətçi” (2019-cu il) və Beynəlxalq Şəhərlər Assosiasiyasının “İlin sənətçisi” (2025-ci il) mükafatlarının laureatı olan həmyerlimiz Türkiyədə yaşayır və fəaliyyət göstərir.Müsahibimiz bu yaxınlarda görkəmli opera müğənnisi Qalina Vişnevskayanın 100 illiyinə həsr olunmuş konsertdə çıxış etmək üçün Bakıya gəlib. O bildirib ki, belə bir imkan yarananda Vətəndə böyük məmnuniyyətlə çıxış edir.“Uzun illərdir Türkiyədə yaşayıram. 1999-cu ildə Antalyada Dövlət Opera Teatrı açıldı və dinləmədən sonra məni teatrın truppasına qəbul etdilər. Həmin vaxt orada çoxlu soydaşımız çalışırdı: görkəmli xormeyster Bebietta Vəkilova, Azərbaycanın Əməkdar artisti, bariton Məhərrəm Məlikov (təəssüf ki, o, artıq həyatda yoxdur...), 20 il birlikdə çalışdığımız mahir konsertmeyster Marvida Hüseynova. Teatr heyəti ilə birgə Türkiyənin müxtəlif şəhərlərində qastrollarda olmuşuq, Almaniyada, Kiprdə və bir çox başqa yerlərdə çıxış etmişik. “2012-ci ildə Azərbaycanda opera teatrının səhnəsində çıxış etmək mənə nəsib oldu. Cüzeppe Verdinin “Riqoletto” operasında Maddalena partiyasını ifa etdim. Bu tamaşa mənim üçün xüsusi əhəmiyyət daşıyırdı, çünki səhnəyə atam Elberd Tuqanovla birlikdə çıxmışdım. O, ömrü boyu Bakı Opera Teatrında çalışıb və xorun tərkibində çıxış edib. Yuri Sayutkinlə Kapellhausda da konsertimiz olub. Bu yaxınlarda isə görkəmli opera müğənnisi Qalina Vişnevskayanın 100 illiyinə həsr olunmuş konsertdə Beynəlxalq Muğam Mərkəzində çıxış etdim. Məni dəvət etdiklərinə və səmimi qarşıladıqlarına görə konsertin təşkilatçısı “StolitsA.rt” şirkətinə, xüsusilə də onun direktoru Vəfa Məmmədovaya ayrıca təşəkkürümü bildirirəm. Əlbəttə, Vətəndə tez-tez olmaq və musiqi vasitəsilə sevincimi, ilhamımı dinləyicilərlə bölüşmək istərdim”, – deyə M.Tuqanova vurğulayıb. O qeyd edib ki, Türkiyədə Azərbaycan musiqisi çox populyardır və ona böyük tələbat var.“Biz mütəmadi olaraq Üzeyir Hacıbəylinin, Qara Qarayevin əsərlərinin, Tofiq Quliyevin mahnılarının və xalq mahnılarının səsləndiyi konsertlər təşkil edirik. Bu yaxınlarda teatrda Fərhad Bədəlbəylinin möhtəşəm “Ave Mariya” əsərini ifa etdim. Teatrın açıldığı ilk illərdə “Arşın mal alan” operettasını səhnələşdirirdik və tamaşa inanılmaz anşlaqla keçirdi. Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevir və onu hər zaman böyük rəğbətlə qarşılayırlar”, – deyə müsahibimiz bildirib. Türkiyənin musiqi təhsili sistemini Azərbaycanla müqayisə edən M.Tuqanova vokal müəllimi – uzun müddət Türkiyədə yaşamış və dərs demiş polşalı tenor Roman Verlinski haqqında da danışıb.“Teatrda fəaliyyətə başladığım ilk illərdən o, vokal biliklərinin mürəkkəb yollarında mənə bələdçilik edib, akademik oxumağın sirlərini öyrədib. İndiyədək yeni partiyalar və rollarla bağlı onunla məsləhətləşirəm. Ali təhsil diplomumu isə Bakıda almışam. Bakı Musiqi Akademiyasını professor Yalçın Adıgözəlovun sinfində xor dirijorluğu ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm. Bu, işimdə mənə çox kömək edib, belə ki, musiqini qavrama imkanlarım genişlənib. Hazırda partituraları asanlıqla oxuyuram, solfecio üzrə biliklərimi də təkmilləşdirmişəm. Bu, vokal ifaçısı üçün çox vacibdir. Fortepiano sinfi üzrə musiqi məktəbini bitirdiyim üçün pianoda çalmağı bacarırdım və buna görə də təhsil almaq mənim üçün kifayət qədər asan idi”, - deyə o bildirib. “Türkiyədə təhsilə böyük diqqət yetirilir. Bu ölkədə çox yaxşı ali musiqi təhsili müəssisələri var. Bunlara Ankarada yerləşən Hacettepe Dövlət Universitetinin nəzdindəki Ankara Dövlət Konservatoriyası və Bilkent Universitetinin nəzdindəki Musiqi və İfa Sənətləri fakültəsi, İstanbulda Memar Sinan Gözəl Sənətlər Universitetinin tərkibinə daxil olan İstanbul Dövlət Konservatoriyası, eləcə də İzmirdə Dokuz Eylül Universitetinin Dövlət Konservatoriyası daxildir.Bildiyimə görə, Türkiyədə hələ qədimdən xarici professorları və musiqiçiləri müəllim kimi dəvət etmək ənənəsi mövcud olub. Onların arasında azərbaycanlılar da az olmayıb. Məsələn, Xuraman Qasımova, Rauf İmanov, skripkaçı Azad Əliyev, xormeyster Elnarə Kərimova, dirijor Ramiz Məlik Aslanov və bir çox başqaları. Onların hamısı Türkiyədə təhsilin inkişafına əvəzsiz töhfə veriblər”, – deyə M.Tuqanova əlavə edib. Müəllif: Anara Axundova