QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İrəvandakı tarixi Göy məsciddə müsəlman ibadət məkanının mahiyyətinə uyğun olmayan tədbirin keçirilməsini ciddi şəkildə pisləyib və buna etirazını bildirib.

Bu barədə QMİ məlumat yayıb.

Bildirilib ki, bu hal Azərbaycan dini-mənəvi irsinə qarşı qeyri-etik və təhrifedici münasibətin göstəricisi, açıq vandalizm təzahürü və təxribatdır.

"Azərbaycan xalqının tarixi dini abidələrindən biri olan İrəvan Göy məscidi ermənilərin uzun onilliklər ərzində işğal etdikləri tarixi torpaqlarımızda həyata keçirdikləri vandalizmdən, təəssüf ki, kənarda qalmayıb. Dağıdılan, yandırılan, İslamda haram buyurulan heyvanların saxlanılması ilə təhqir edilən dini ibadətgahlarımızın, o cümlədən Şuşadakı tarixi məscidlərimizin ardınca bu gün İrəvan Göy məscidinin zalına erməni şairin adının verilməsi, gələcəkdə müsəlman ibadət məkanında həmin şəxsin büstünün qoyulmasının nəzərdə tutulması ümumilikdə küfrdən başqa bir şey deyil.

Mədəni xalqlar hər hansı kitab təqdimatını başqa dinə mənsub ibadət məkanında deyil, öz mədəniyyət ocaqlarında keçirirlər.

Mədəni tədbir adı altında məsciddə şou təşkil etmək heç kəsə başucalığı gətirə bilməz. Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərindən qovulmasından sonra indiki Ermənistan ərazisində qalan tarixi Azərbaycan mədəni-mənəvi irsindən öz aləmlərində qisas almaq, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın inşa etdirdiyi, Azərbaycan memarlığının nadir incilərindən biri olan məscidin tarixini saxtalaşdıraraq onu İran məscidi kimi qələmə vermək və orada qurama tədbirlər keçirmək cəhdləri iflasa məhkumdur" - QMİ-nin bəyanatında qeyd olunub.

QMİ belə bir mədəni tədbir adı altında baş tutan qeyri-mədəni şounu qətiyyətlə pislədiyini və bu halların qarşısının alınmasını Ermənistan hökumətindən tələb etdiyini vurğulayıb.

"44 günlük Vətən müharibəsi nəticəsində kapitulyasiya etmiş Ermənistanın sülh danışıqlarına sədaqət nümayiş etdirməsi fonunda belə bir halın baş verməsi sülh prosesini şübhə altına alır. Bu, yalnız revanşistlərin maraqlarına xidmət edir" , - bəyanatda həmçinin bildirilib.