Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubun ofisində kompüter arxasında əyləşib.

Kompani zədələnmiş futbolçuların, o cümlədən Luis Diasın meydançada keçdiyi bərpa məşqlərini izləmək istəyib. O həmçinin köməkçisi Floribert Nqalula və klubun idman direktoru Kristof Freyndlə görüşüb.

Qeyd edək ki, Kompani oktyabrın 23-də klubun məşq bazasında huşunu itirərək xəstəxanaya çatdırılıb. Müayinələrdən sonra ona beyin qişalarının qıcıqlanması diaqnozu qoyulub. Mütəxəssis oktyabrın 28-də xəstəxanadan evə buraxılıb.

Belçikalı məşqçinin komandanın oyunlarına nə vaxt qayıdacağı hələ dəqiqləşməyib. Onun noyabrın 20-də "Köln"lə görüşdə yenidən ehtiyat oyunçular skamyasında yer alması gözlənilir.