Türkiyə Azərbaycan qardaşlığına qarşı çağırış edən Feyzullah Konyevi kimdir?

Xəbər verdiyimiz kimi, bu ilin sentyabrından etibarən Türkiyədə Azərbaycana qarşı aparılan məqsədyönlü qarayaxma və dezinformasiya kampaniyası daha kəskin xarakter aldı.

Bu çirkin kampaniyanın başlanması üçün bəhanə axtaran dairələr sentyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışından sonra Azərbaycan nümayəndə heyətinin iclas zalını tərk etməməsini qabartmağa çalışdılar. Lakin proses bununla bitmədi; ölkəmizin orta məktəblərində vahid məktəbli formasının tətbiqi və baş örtüyü ilə bağlı daxili qərarlarından sonra həmin qarayaxma dalğası daha da gücləndi.

Türkiyədə bəzi dairələr, QHT və dini icma nümayəndələri, o cümlədən radikal media mənsubları bu məqamlardan istifadə edərək həm Azərbaycanın daxili işlərinə müdaxilə etməyə, həm də iki qardaş dövlət arasında nifaq toxumu səpməyə başladılar.

Radikal şəbəkələrin ideoloji xətti

Türkiyədə bəzi siyasətçilər və ictimaiyyət nümayəndələrinin Azərbaycanın dünyəvi dövlət modelinə, konstitusiya quruluşuna və daxili təhlükəsizlik qaydalarına qarşı yönələn radikal çağırışları cavabsız qalmadı. Bu çərçivədə Azərbaycana qarşı radikal və düşmənçilik mövqeyi sərgiləyən, ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışan 7 Türkiyə vətəndaşı Azərbaycan Respublikası Baş Prokurorluğunun qərarı ilə beynəlxalq axtarışa verildi.

Sözügedən şəxslərin — Fatih Tezcan, Ahmet Şanlı, Rıdvan Kaya, Alparslan Tanrıkulu və digərlərinin siyasi və ideoloji mövqeləri onların radikal islamçı platformalardan və ekstremist şəbəkələrdən qidalandıqlarını açıq şəkildə göstərir. Həmin şəxslər öz çıxışlarında radikal dini tezisləri və fundamentalist şüarları ön plana çəkərək, Azərbaycanın müstəqil, dünyəvi dövlətçilik prinsiplərini hədəfə alır, cəmiyyətdə qeyri-sabitlik yaratmağa və radikal xətti təbliğ etməyə çalışırlar. Onlar radikal islamçı ideologiyanı əsas silah kimi istifadə edərək dünyəvi düşüncəni hədəfə alır, dost ölkələrə və müstəqil dövlətlərə qarşı təhdid dilindən istifadə edirlər.

Seyda Feyzullah Konyevinin təxribatçı çıxışı

Anti-Azərbaycan kampaniyasında aktiv iştirak edən radikal ideoloji xəttin əsas simalarından biri də türkiyəli dini icma lideri, sufi şeyxi Seyda Feyzullah Konyevidir. O, bütün dəyərləri ayaq altına ataraq həyasızcasına bəyan edib ki, millətcə oxşar olduqları üçün Azərbaycandakı qardaşlarımızın zülmünə qarşı səs çıxarmayanlara ilahi ayələri xatırlatmaq lazımdır. Konyevi açıq şəkildə Azərbaycanı və onun müstəqil siyasətini hədəfə alaraq əhalini ölkəmizə qarşı mübarizəyə və qarşıdurmaya səsləyib:

"...Oradakı məzlum qardaşlarımız zalım tərəfindən zülm edilir və həmin zalım bizim qardaşımız deyil; o, yəhudilərin qardaşıdır, yəhudilərin dostudur, dostumuz deyil. Amma oradakı insanlar, o məzlum müsəlmanlar bizim qardaşlarımızdır. Buna görə də, onlar da öz zülmlərinə qarşı çıxmalı, öz zülmlərinin qarşısını almalı, oradakı zalımların zülmünü dayandırmalıdırlar. İstər İsrail zülm etsin, istərsə də İsrailin xidmətçisi və ya dostu zülm etsin, bunun nə fərqi var?"

Bu fikirlər sadəcə bir imamın camaat qarşısında etdiyi moizə deyil. Bu, Azərbaycan dövlətçiliyinə, Azərbaycanın suveren hüquqlarına qarşı açıq bir təhdiddir. Feyzullah Konyevi öz radikal fikirləri ilə nəinki Azərbaycanın daxili işlərinə qarışır, həm də kütlələri ölkəmizə qarşı itaətsizliyə təhrik edir. Bu cür çağırış hüquqi cəhətdən cinayət, mənəvi baxımdan isə xəyanətdir. Çünki qardaş ölkədə dincliyin pozulmasını, vətəndaş qarşıdurmasını ancaq düşmən qüvvələr istəyər. Necə ki, Feyzullah Konyevi də məhz bunu hədəfləyir.

Feyzullah Konyevi kimdir?

Seyda Feyzullah Konyevi, Türkiyədə yerləşən Nəqşbəndiyyə təriqətinin (Xalidiyə qolu) müasir nümayəndələrindən və icma liderlərindən biridir. O, 2022-ci ildə vəfat edən məşhur sufi Seyda Məhəmməd Konyevinin oğlu və baş varisidir. Atasının vəfatından sonra icmanın rəhbərliyini öz üzərinə götürən Konyevi Konyada yerləşən Reyhani Dərnəyi daxilində fəaliyyət göstərir. Onun bir sıra xarici ölkələrin xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğu barədə iddialar da var.

Göründüyü kimi, Feyzullah Konyevi sadəcə dini lider deyil. Konyevinin Azərbaycanla bağlı çıxışı isə sübut edir ki, o, İslam təəssübkeşliyi adı altında ölkəmizə qarşı şər-böhtan kampaniyasının önündə gedənlərdəndir. Onun əsas məqsədi dini hisslərlə oynayaraq başqa ölkələrdə ara qarışdırmaq, ictimai asayişi pozmaqdır.

Şuşadan verilən qardaşlıq mesajları

Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də - Zəfər Günündə Azərbaycana səfər edib, Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada görüşdü. Təkbətək görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan iki ölkə arasındakı münasibətlərin tarixin müxtəlif sınaqlarından keçərək bugünkü zirvəyə çatdığını vurğuladı:

“2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır”.

Konyevi kimilərin cavabı hüquqi müstəvidə verilməlidir

Şuşada səslənən bu qardaşlıq mesajları hər kəsdə əminlik yaratdı ki, Konyevi kimi təxribatçılar və dini təəssübkeşlik adıyla silahlanan qüvvələr layiq olduqları cavabı alacaqlar.

Bunun üçün isə Türkiyə dövləti və onun müvafiq qurumları tərəfindən qardaşlığımızı hədəf alanlara qarşı qətiyyətli tədbirlər görülməlidir. Məhz buna görə də cəmiyyətimiz Türkiyə dövlətindən əməldə Azərbaycanın yanında olduğunun qəti sübutunu gözləyirik. Bu sübut isə Feyzullah Konyevi kimilərin qanun qarşısında cavab verməsi, əməllərinə görə layiq olduqları cəzanı almasıdır. (Bizim.Media)