2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanan Üçtərəfli Bəyanatın qəbul edilməsindən 6 il ötür. Bu sənəd 44 günlük Vətən müharibəsinin yekunlarını rəsmiləşdirən və böyük tarixi əhəmiyyət kəsb edən mühüm siyasi sənəddir. Bəyanat faktiki olaraq Ermənistanın kapitulyasiya aktı kimi tarixdə öz yerini tapdı. Sənədin imzalanması nəticəsində Kəlbəcər, Ağdam və Laçın rayonları döyüşsüz, qan tökülmədən Azərbaycana geri qaytarıldı. Keçən 6 il ərzində Bəyanatda nəzərdə tutulan əksər bəndlər və öhdəliklər uğurla həyata keçirilmişdir. Sənəd həmin dövrün geosiyasi reallıqlarına tam uyğun hazırlanaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsbit etdi. Bununla yanaşı, keçən dövr ərzində sənədin bəzi müddəaları ətrafında müəyyən mübahisələr və fikir ayrılıqları davam etmişdir. Sənəddə xüsusi yer alan məsələlərdən biri də Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən nəqliyyat kommunikasiyalarının bərpası idi. Sənədin 9-cu bəndində öz əksini tapmış Zəngəzur dəhlizinin açılması və maneəsiz, təhlükəsiz keçidin təmin olunması məsələsi hələ də yekun həllini tapmamış açıq bənd olaraq qalmaqdadır. Son dövrlərdə isə bu istiqamətdə müəyyən addımların atılması və tərəflər arasında praktiki mərhələyə keçilməsi gözləntiləri artmaqdadır.
Mövzu ilə bağlı Oxu24.com-a öz fikirlərini bölüşən politoloq Oqtay Qasımov bildirib ki, 10 Noyabr Üçtərəfli Bəyanatı 44 günlük savaşın yekununda ölkəmiz üçün son dərəcə əhəmiyyətli bir sənəd idi:
"Məhz bu sənədlə Ermənistan kapitulyasiya aktına imza təbrik etdi. O cümlədən 3 rayonumuz — Kəlbəcər, Ağdam və Laçın döyüşsüz Azərbaycana geri qaytarıldı. Bu bəyanatın bir çox müddəaları həyata keçirildi. Yalnız həmin bəyanatın 9-cu bəndi, yəni Zəngəzur dəhlizi ilə bağlı məsələ hələ açıq qalmaqdadır”.
Onun sözlərinə görə, bu istiqamətdə, müəyyən addımlar atılsa da, hələlik yekun addımlar atılmayıb və bu məsələ öz həllini tam şəkildə tapmayıb:
“Üçtərəfli bəyanat kifayət qədər o dövr üçün, o reallıqlara uyğun hazırlanmış bir sənəd idi və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam şəkildə özündə təsbit edirdi. Ən önəmlisi Zəngəzur dəhlizinin açılması və Azərbaycandandan Azərbaycana sərbəst və maneəsiz keçidin, təhlükəsiz keçidin təmin olunması məsələsi öz əksini tapmışdı”.
Politoloq qeyd edib ki, hazırda da bu istiqamətdə konkret addımların atılması mərhələsi yaxınlaşır deyə bilərik. Ermənistan da bəyan edir ki, onlar yaxın zamanlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı real işlərə başlayacaqlar.
Qeyd edək ki, Üçtərəfli Bəyanatın imzalanmasından ötən illər ərzində regionda yeni reallıqlar yaranmış və Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmişdir. Bununla belə, sənəddə nəzərdə tutulan nəqliyyat-kommunikasiya xətlərinin, xüsusilə Zəngəzur dəhlizinin tam funksional vəziyyətə gətirilməsi Cənubi Qafqazda dayanıqlı sülhün və iqtisadi inteqrasiyanın dərinləşməsi üçün mühüm əhəmiyyət daşıyır. Yaxın gələcəkdə bu istiqamətdə atılacaq praktiki addımlar bölgənin nəqliyyat potensialını daha da artıracaqdır.