Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məsciddə erməni şairi Yeqişe Çarentsin adı ilə bağlı yeni təşəbbüs həyata keçirilib. Məscidin mərasim zalına şairin adı verilib. Gələcəkdə zalda onun büstünün də yerləşdirilməsi nəzərdə tutulur.
Bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edib. O, Çarentsin adının yazıldığı xatirə lövhəsinin açılışını edib. Səfirliyin açıqlamasına əsasən, növbəti mərhələdə mərasim zalında şairin büstü də quraşdırılacaq.
İranın bu təşəbbüsdə iştirakı Göy məscidin tarixi və mədəni mənsubiyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
XVIII əsrdə İrəvan xanlığı dövründə Hüseynəli xanın hakimiyyəti zamanı inşa edilən Göy məscidin tikintisinə 1760-cı ildə başlanılıb, 1765-ci ildə isə başa çatdırılıb. Azərbaycan memarlıq irsinin mühüm nümunələrindən sayılan abidə uzun müddət İrəvanın müsəlman icmasının dini və ictimai həyatında əhəmiyyətli yer tutub.
Məscidin Azərbaycan tarixi-mədəni irsi ilə əlaqəsi fonunda onun mərasim zalına erməni şairinin adının verilməsi və burada büstünün yerləşdirilməsinin planlaşdırılması diqqət çəkən məqamdır.
İran səfirliyi isə bu addımı Yeqişe Çarentsin ədəbi irsinə, İran mədəniyyətinə göstərdiyi marağa və məscidin qorunmasına verdiyi töhfələrə ehtiram əlaməti kimi əsaslandırıb. Bununla yanaşı, səfirliyin açıqlamasında Göy məscid İran və Ermənistanın ortaq mədəni irsi kimi təqdim edilib.