Batumi, 10 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Batumi şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə və İran İslam Respublikasının Batumi şəhərindəki baş konsulları, diplomatik korpusun nümayəndələri, Batumidə fəaliyyət göstərən “Mirzə Fətəli Axundzadə adına gürcü və azərbaycanlıların Acarıstan Muxtar Respublikasındakı Xeyriyyə Cəmiyyəti”nin sədri Rövşən Namazov, SOCAR-ın Batumi nümayəndəliyinin rəhbəri Səfər Əlizadə, SOCAR-ın Kulevi Qara Dəniz Neft Terminalının rəhbəri İsmayıl Kərimov və terminalın kollektivi, regionda yaşayan azərbaycanlılar, tələbələr, diaspor və icma üzvləri, eləcə də çoxsaylı qonaqlar iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Azərbaycanın Batumidəki Baş konsulu Fuad Əzizov çıxış edərək iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edib. O, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini, Azərbaycan Ordusunun qəhrəmanlığını, xalqımızın birliyini və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpasını vurğulayıb. Baş konsul, həmçinin, üçrəngli Dövlət Bayrağımızın milli kimliyimizin, müstəqilliyimizin və suverenliyimizin rəmzi olduğunu qeyd edib.Diplomat çıxışda Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətinə toxunub, iki xalq arasında tarixi, mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.Bayram tədbiri çərçivəsində Batumidə fəaliyyət göstərən “Bazar günü məktəbi”nin şagirdlərinin iştirakı ilə musiqi proqramı təqdim olunub.Bayram tədbirinin bədii proqramı Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədovanın təqdim etdiyi konsert proqramı ilə davam edib. Sənətkarın ifa etdiyi rəngarəng musiqi nömrələri tədbirə xüsusi bayram ovqatı bəxş edib. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi