Kiyev, 10 noyabr, AZƏRTAC Avropa İttifaqı, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Ukrayna, ABŞ və NATO nümayəndələri bu gün Əbu-Dabidə keçirilən görüşdə gələcək sülh müqaviləsinin Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqil qərar vermək hüququna hörmət etməsinin, eləcə də ölkə üçün etibarlı təhlükəsizlik zəmanətlərini təmin etməsinin vacibliyini vurğulayıblar.AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının bugünkü görüşlə bağlı verdiyi açıqlamada bildirilib.Bəyanatda Rusiya ilə üçtərəfli müzakirələrdən əvvəl Avropa tərəfdaşlarının, Ukrayna və ABŞ nümayəndələrinin müharibəyə son qoymaq, davamlı sülhə nail olmaq və effektiv təhlükəsizlik zəmanətlərini dəstəkləmək üçün səyləri sıx əlaqələndirmək məqsədilə görüşdükləri qeyd olunur.Müzakirələrin Avropa tərəfdaşları, Ukrayna və ABŞ arasında ortaq məqsədləri, davam edən məsləhətləşmələri və Avro-Atlantik təhlükəsizliyinə sadiqliklərini əks etdirən əməkdaşlıq ruhunda keçirildiyi vurğulanıb.Avropa Komissiyası qeyd edib ki, iştirakçılar gələcəkdə hər hansı bir razılaşmanın Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və qərar qəbuletmə müstəqilliyinə hörmət etməli və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri təmin etməli olduğunu vurğulayıblar. Əlavə edilib ki, ümumi məqsəd danışıqlar yolu ilə həllə nail olmaq üçün zəruri olan praktik və qarşılıqlı gücləndirici təhlükəsizlik çərçivəsini inkişaf etdirməkdir.Avropa Komissiyası bildirib ki, müzakirə davamlı sülhə nail olmağa əsas diqqət yetirməklə yanaşı, Ukraynada müharibə bitdikdən sonra mövcud Avropa təhlükəsizlik institutları və razılaşmalarından istifadəyə də yönəlib.İştirakçılar həmçinin müharibədən sonrakı dövrdə təhlükəsizlik məsələlərinin həllinin və münaqişə riskinin azaldılmasının vacibliyini qəbul ediblər.Bəyanatda deyilir: "Onlar effektiv risklərin idarə edilməsi mexanizmlərinin yaradılması və təhlükəli eskalasiyaların qarşısının alınması yollarını müzakirə ediblər. İştirakçılar müharibədən sonrakı güclü Avropa təhlükəsizlik arxitekturası və əlaqəli razılaşmaların hazırlanmasına dair ortaq öhdəliklərini bir daha təsdiqləyiblər və güclü NATO-nun Avro-Atlantik məkanında kollektiv müdafiənin əsas elementi olaraq qalacağını açıq şəkildə bildiriblər".Qeyd olunur ki, hərtərəfli və davamlı sülhə nail olmaq üçün Avropa tərəfdaşlarının iştirakı ilə daha geniş çoxtərəfli müzakirələr məqsədilə Avropa tərəfdaşları, Ukrayna və ABŞ danışıqlar prosesi boyunca sıx əməkdaşlıq etməyə davam edəcəklər. Xatırladaq ki, bu gün Əbu-Dabidə üçtərəfli görüşdən əvvəl Avropa ölkələri NATO, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Emil Hüseynli AZƏRTAC-ın xüsusi müxbiri Kiyev
Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb
Mənbə: azertag.az/xeber/avropa_komissiyasi_ebu_dabi_uzre_danisiqlara_dair_movqeyini_achiqlayib-4503504