Qar ağacları qırdı, kəndlərdə işıq və internet kəsildi - VİDEO

Şimal-qərb bölgəsinə yağan qar bəzi kəndlərdə elektrik enerjisi və internetin verilməsində fasilələrə, nəqliyyatın hərəkətində çətinliklərə səbəb olub. Meyvə ağaclarına da ziyan dəyib.

Bu barədə “Xəzər Xəbər”in reportajında məlumat verilib.

Şəkinin Kiş kəndində yağış axşama doğru qarla əvəzlənib. Sakinlərin sözlərinə görə, kəndin yuxarı hissələrində qarın qalınlığı təxminən 20 santimetrə çatıb. Bəzi avtomobillər həmin ərazilərə qalxa bilməyib.

Qarın ağırlığından meyvə ağacları, xüsusilə xurma ağacları qırılıb. Kənddə elektrik enerjisi və internetin verilməsində fasilələr yaranıb. Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması üçün işlərə başlayıb.

İsmayıllıda da qar təsərrüfat sahiblərinə çətinlik yaradıb. Hələ yığılmamış xurma və almalar ağaclarda, bəzi bitkilər isə qar altında qalıb. Dağlıq ərazilərdə heyvanların örüşə çıxarılması çətinləşib.

Ucqar kəndlərdə nəqliyyatın hərəkətində və elektrik enerjisinin verilişində də problemlər yaşanıb.

Qaxın yüksək dağ kəndlərində də qar yağıb. Reportajda bildirilib ki, günorta saatlarında qarın qalınlığı Sarıbaşda 10, İlisu kəndində isə 5 santimetr olub. Sakinlər qışa hələ tam hazır olmadıqlarını deyiblər.

Qarın yaratdığı çətinliklərə baxmayaraq, taxılçılar yağıntının gələcək məhsuldarlığa müsbət təsir göstərəcəyinə ümid edirlər.