Qəhvənin qoxusu stressi azalda bilər

Qəhvə içmədən, sadəcə onun qoxusunu hiss etməklə əhval-ruhiyyəni yaxşılaşdırmaq və gərginliyi azaltmaq mümkündür. Yaponiyanın Shova Əczaçılıq Universitetinin alimləri tərəfindən aparılan araşdırmada təzə dəmlənmiş qəhvənin ətrinin insan psixologiyasına və beyin fəaliyyətinə təsiri öyrənilib."Nutrients" elmi jurnalında dərc olunan tədqiqata 20-29 yaş aralığında 20 nəfər sağlam könüllü qatılıb. İştirakçılar beş dəqiqə ərzində təzə dəmlənmiş qəhvənin qoxusuna məruz qalıblar.Araşdırma nəticəsində qəhvə ətrini hiss etdikdən sonra iştirakçıların yorğunluq, gərginlik, narahatlıq və mənfi əhval-ruhiyyə göstəricilərində azalma qeydə alınıb. Eyni zamanda, beyin fəaliyyətinin ölçülməsi zamanı rahatlama ilə əlaqəli indeksin yüksəldiyi müəyyən edilib.Bununla belə, tədqiqat zamanı ürək döyüntüsündə və ürək ritminin dəyişkənliyində əhəmiyyətli fərq aşkarlanmayıb.Alimlər qeyd ediblər ki, araşdırma məhdud sayda iştirakçı ilə aparılıb və nəzarət qrupunun olmaması nəticələrin qəti elmi sübut kimi qəbul edilməsinə imkan vermir. Buna görə də qəhvə qoxusunun stressi azaltdığına dair nəticələr əlavə tədqiqatlarla təsdiqlənməlidir.