Norveç çempionatının 26-cı turunda keçirilən “Tromsö” - “Budö-Qlimt” matçı (0:2) zamanı bədbəxt hadisə baş verib.
Bu barədə Norveçin VG nəşri məlumat yayıb.
Qarşılaşma zamanı qonaq komandanın azarkeşlərinin yerləşdiyi tribunanın bir hissəsi çöküb. Nəticədə 25 yaşlı azarkeşin qabırğası sınıb və o, xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı polis araşdırmalara başlayıb. Əvvəlcə zərərçəkənlər, daha sonra isə “Tromsö” klubunun rəhbərliyi dindiriləcək. Həmçinin stadionun tribunalarında hadisədən əvvəl aparılan yoxlamalara dair sənədlər araşdırılacaq.
Klubun hüquqi məsuliyyətə cəlb olunması da istisna edilmir.
Qeyd edək ki, hadisədən bir həftə əvvəl Norveç Futbol Federasiyası (NFF) yüksək liqa klublarından stadionların, xüsusilə azarkeş sektorlarının təhlükəsizliyini yoxlamağı tələb etmişdi. “Tromsö” isə müvafiq yoxlamanın aparıldığını bildirmişdi