Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad zavodunda güclü partlayış baş verib.
Partlayışdan sonra zavodun ərazisində yanğın başlayıb və ətrafı qatı tüstü bürüyüb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və tibbi yardım briqadaları cəlb olunub. İzmir valisi Süleyman Elbanın açıqlamasına görə, partlayış nəticəsində 10 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 15 nəfər yaralanıb. Həmçinin 4 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. İlkin məlumata görə, partlayış maye poladın tökülməsi zamanı tavan kranının qoparaq elektrik qövs sobasının üzərinə düşməsi nəticəsində baş verib. Zavod rəhbərliyi hadisənin elektrik qövs sobalarından birində planlı təmir işləri aparılarkən baş verdiyini açıqlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı daxili işlər naziri Mustafa Çiftçi və energetika və təbii sərvətlər naziri Alparslan Bayraktardan məlumat alıb. Ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı araşdırma başladıldığını bildirib.