Rusiyalı milyarder Qazaxıstan vətəndaşlığı alıb, rus pasportundan imtina edir

Süni intellekt sahəsində fəaliyyət göstərən “Higgsfield” startapının həmtəsisçisi, rusiyalı iş adamı Aleksandr Maşrabov Qazaxıstan vətəndaşlığı alıb.

Bu barədə Qazaxıstanın Baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev məlumat verib.

Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 30-da iş adamına vətəndaşlıq verilməsi haqqında fərman imzalayıb. Pasportu Maşrabova şəxsən nazir təqdim edib.

Madiyev bildirib ki, Qazaxıstan hökuməti süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarların və texnologiya mütəxəssislərinin ölkəyə cəlb edilməsində maraqlıdır.

“Bloomberg”in məlumatına görə, son illər ABŞ-də yaşayan Maşrabov artıq Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət edib. Qazaxıstan qanunvericiliyi ikili vətəndaşlığa icazə vermir.

2023-cü ildə yaradılan “Higgsfield” süni intellekt vasitəsilə video və şəkillərin hazırlanması üzrə ixtisaslaşıb. Şirkətin məhsullarından dünyada 40 milyondan çox istifadəçi yararlanır.

“Forbes”in məlumatına görə, 2026-cı ilin avqustunda 400 milyon dollar investisiya cəlb edən “Higgsfield”in bazar dəyəri 5,4 milyard dollara yüksəlib. Maşrabovun şirkətdəki payının təxminən 20–30% olduğu qiymətləndirilir.

İş adamı əvvəllər Rusiyanın “Yandex” şirkətində çalışıb, daha sonra yaratdığı “AI Factory” startapını 2020-ci ildə ABŞ-nin “Snap” şirkətinə 166 milyon dollara satıb.

Maşrabovun həmtəsisçisi olduğu “Higgsfield” Qazaxıstan əsilli süni intellekt tədqiqatçısı Erzat Dulatın da iştirak etdiyi layihədir.