Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır

Azərbaycanın nəqliyyat sektorunda 2060-cı ilə qədər elektrik avtomobillərinin xüsusi çəkisi 100 % təşkil edəcək, eləcə də alternativ yanacaq növlərinə keçid ediləcək. Bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında deyilir.Qeyd olunur ki, ölkənin ümumi istixana qazı emissiyalarının təxminən 13 %-ni (2022-ci ilin yekunlarına görə 9,3 milyon ton CO₂ ekv.) təşkil edən nəqliyyat sahəsi mərhələli şəkildə dekarbonizasiyadan keçəcək.Strategiyaya əsasən, daxili yanma mühərrikləri ilə təchiz edilmiş nəqliyyat vasitələrinin tədricən dövriyyədən çıxarılması nəzərdə tutulur. 2060-cı ilə qədər minik avtomobilləri və şəhər avtobusları kateqoriyasında elektromobillərin (EV) və ekoloji nəqliyyatın xüsusi çəkisi 100 % təşkil edəcək, yükdaşımalar sektorunda isə bu göstərici 75 %-ə çatacaq. Azərbaycanın bütün dəmir yolu şəbəkəsinin tam şəkildə elektrikləşdirilməsi planlaşdırılıb. Dəniz nəqliyyatı sahəsində metanolunn tam, aviasiya sahəsində isə dayanıqlı aviasiya yanacağının (SAF) mərhələli tətbiqi nəzərdə tutulur. Strategiya yük axınlarının avtomobil nəqliyyatından dəmir yolu magistrallarına genişmiqyaslı şəkildə yenidən paylanmasına yönəldilib.