Tbilisi, 9 noyabr, AZƏRTAC Tbilisidə Zəfər Gününə həsr olunmuş “Cənubi Qafqazda Sülh və Əməkdaşlıq” adlı konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin (GASU) təşkilatçılığı ilə baş tutub. Konfransın əsas məqsədi Azərbaycanın Zəfər Gününün tarixi əhəmiyyətini qeyd etməklə yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda baş verən siyasi və geosiyasi dəyişiklikləri, regional əməkdaşlıq imkanlarını, sülh və təhlükəsizlik perspektivlərini müzakirə etmək olub.Tədbirin açılışında Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin sədri Aytəkin Allahverdiyeva və "İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov çıxış ediblər. Müzakirələr zamanı Zəfər Gününün tarixi əhəmiyyəti, 44 günlük müharibənin regional siyasi nəticələri, Qarabağ münaqişəsindən sonrakı dövrdə sülh perspektivləri, Gürcüstan–Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda regional əməkdaşlıq və təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.Bununla yanaşı, regional nəqliyyat və enerji layihələrinin əhəmiyyəti, gənclərin yeni diplomatiyada rolu, Zəfərdən sonra Cənubi Qafqazda baş verən dəyişikliklər, həmçinin gənc nəslin münaqişə yaddaşı və sülh gözləntiləri barədə fikir mübadiləsi aparılıb.Konfransda çıxış edən gənclər regional proseslərdə gənclərin iştirakının vacibliyini vurğulayıb, Cənubi Qafqazda davamlı sülh və əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi