150 milyon il əvvəl yaşamış arxeopteriks havaya qanadlarının yox, ayaqlarının gücü ilə qalxıb. Sauthempton Universitetinin alimi Nil Qostlinq “The Conversation” nəşrində yazır ki, bu qədim canlı bir neçə dəfə irəli tullanaraq sürət yığıb və yalnız bundan sonra uçub. Müasir quşların çoxu da yerdən məhz belə ayrılır.
Arxeopteriksin daşlaşmış qalıqları Almaniyada, Yura dövrünə aid süxurlarda tapılıb. Onun bədəni lələklə örtülü olub, qanadları da var idi.
Amma bu canlı dinozavrlara xas əlamətləri də saxlayıb: uzun sümüklü quyruq, caynaqlı ayrı-ayrı barmaqlar və dimdiksiz, dişli çənə.
Təkamül və paleobiologiya üzrə dosent olan Qostlinqin sözlərinə görə, arxeopteriks bugünkü quşlar qədər mükəmməl deyildi. Uçuş əzələləri zəif idi, güclü əzələlərin bərkidiyi döş sümüyü darağı isə yox idi. O, qanadlarını üfüqi vəziyyətdən yuxarı qaldıra bilmirdi.
Sağsağanlar və mətbəx tərəzisi
Qostlinq, tədqiqatçı Kolin Palmer və biomexanika professoru Markus Heller bu məsələni 2016-cı ildə araşdırmağa başlayıblar.
Uçuşun necə yaranması barədə fərziyyələr çoxdur: yerdən yuxarı sıçramaq, ağacdan aşağı süzmək, yoxuşu qaça-qaça qanad çalmaq. Lakin onları təcrübədə yoxlamaq çətindir. Ona görə alimlər canlı quşları müşahidə etməyi seçiblər.
Palmer müxtəlif quşları kameraya çəkəndə görüb ki, hamısı uçmazdan əvvəl eyni hərəkəti edir: iki ayağı ilə tullanır. Qanadlar isə bədəni yerdən qaldırmaqda demək olar ki, iştirak etmir.
Bunu ölçmək üçün tədqiqatçılar tələbə Erik Meylakla birlikdə sadə qurğu düzəldiblər. Mətbəx tərəzisindən güc ölçən lövhə hazırlayıblar, sürətli çəkilişi isə “Raspberry Pi” mini-kompüteri idarə edib. Sümüklərin bir-birinə necə birləşdiyini kompüter tomoqrafiyası ilə öyrəniblər.
Nəticə göstərib ki, sağsağanlar havaya əsasən ayaqlarının gücü ilə qalxır. Sonra sığırçınlar və qarğalar da yoxlanılıb. Parisdə çalışan bioloq Polin Provini eyni mənzərəni göyərçinlərdə və digər xırda quşlarda müşahidə edib.
Üç sıçrayış, saniyədə 7 metr
Alimlər quşlardan əldə etdikləri modeli arxeopteriksin skeletinə tətbiq ediblər. Məlum olub ki, o, müasir quşlar kimi tək bir güclü sıçrayışla havaya atıla bilməzdi.
Amma get-gedə sürətlənən üç sıçrayışla yerdən ayrıla, sonra qanad çalaraq saniyədə 7 metr sürətlə uça bilərdi. Sıçrayışların arasında bir dəfə qanad çalsaydı, bu sürətə iki tullanışla çatardı.
Qostlinq hesab edir ki, tullanmaq bacarığı quşların əcdadlarına, yəni güclü ayaqları olan teropod dinozavrlara sağ qalmaqda da kömək edib. Yırtıcıdan yayınmaq və sıçrayışı uzatmaq üçün lələkli qollarını çırpmaq onların həyatını xilas edə bilərdi.
Xatırladaq ki, Çarlz Darvin 1859-cu ildə çıxan “Növlərin mənşəyi” kitabında heyvan qruplarını bir-birinə bağlayan keçid formalarının tapılacağını proqnozlaşdırmışdı. Bir il sonra arxeopteriksin lələyi, iki il keçməmiş isə bütöv skeleti aşkarlanıb.
Alim arxeopteriksi “ilk quş” yox, quşların dinozavrlardan ayrılan qolunda hələlik məlum olan ən qədim növ adlandırmağı daha düzgün sayır. Daha qədim qalıq tapılsa, bu ad ona keçəcək.
Foto: arxeopteriksin modeli (Sebastian Brandt və Marko Fişer). TB0815 / Wikimedia Commons, CC BY 4.0