Çinin şimalındakı Şansi əyalətinin Tayüan şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 14 nəfər həyatını itirib.
Bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Yanğın noyabrın 8-də yerli vaxtla saat 16:59-da şəhərin İnqze rayonunda yerləşən “Haosheng International Apartment” kompleksində başlayıb.
“Reuters“ agentliyinin məlumatına görə, yanğının açıq alovunu təxminən iki saat ərzində söndürmək mümkün olub. Axtarış-xilasetmə əməliyyatı həmin gün axşam saatlarında başa çatıb.
Hadisə nəticəsində 38 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatlarda beş nəfərin öldüyü bildirilsə də, sonradan ölənlərin sayı 14-ə çatıb.
Çin mediasının məlumatına görə, kompleks bir-birinə bitişik iki binadan ibarətdir. Təxminən 40 mərtəbəli əsas binada yaşayış mənzilləri, ona bitişik doqquzmərtəbəli binada isə hotellər, tədris mərkəzləri və digər kommersiya obyektləri yerləşir.
Yanğın məhz doqquzmərtəbəli hissədə başlayıb.