Qarabağ və Şərqi Zəngəzurda telekommunikasiya infrastrukturunun qurulması nəticəsində onlarla yaşayış məntəqəsində yüksəksürətli internet, telefon və televiziya xidmətlərinin göstərilməsi təmin edilib.

Banker.az saytının verdiyi məlumata görə, işğaldan azad edilmiş ərazilərin 48 yaşayış məntəqəsində GPON texnologiyasına əsaslanan yüksəksürətli internet, telefon və IPTV xidmətləri təqdim olunur. Bununla yanaşı, mobil operatorların baza stansiyalarının fəaliyyəti təmin edilib.

Regionda poçt infrastrukturu da genişləndirilib. Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Kəlbəcər, Xocalı, Xocavənd, Qubadlı, Laçın, Şuşa və Zəngilan rayonlarında, eləcə də Xankəndi şəhərində poçt xidmətləri göstərilir.

Radio və televiziya yayımı isə yayım stansiyaları vasitəsilə regionun demək olar ki, bütün ərazisini əhatə edir. Bu infrastruktur əhalinin rabitə xidmətlərinə çıxışı ilə yanaşı, müəssisələrin fəaliyyətinin təşkili və rəqəmsal xidmətlərdən istifadəsi üçün də əhəmiyyətlidir.

Xüsusilə GPON əsaslı fiber-optik internet infrastrukturunun yaradılması regionda elektron xidmətlər, distant təhsil, onlayn ticarət və digər rəqəmsal fəaliyyətlərin inkişafına imkan yaradır.