Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB

Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə, yaralıların sayı isə 112-yə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Əl-Əyyat şəhəri yaxınlığında baş verib.

Nazirliyin məlumatına görə, xəsarət alanlardan 45-i artıq xəstəxanadan evə buraxılıb. Vəziyyəti yaxşılaşan daha 7 nəfərin yaxın vaxtlarda xəstəxanadan buraxılması gözlənilir.

Qeyd edək ki, noyabrın 8-də səhər saatlarında Gizadan Fəyyuma hərəkət edən sərnişin qatarı Qahirədən Asuana gedən digər qatarın arxa hissəsinə çırpılıb.

Toqquşma nəticəsində bir neçə vaqon relsdən çıxıb.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Dövlət başçısı hadisənin araşdırılması və faciəyə səbəb olan səhlənkarlığa yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi barədə göstəriş verib.

Misir, qatar qəzası, Əl-Əyyat, Qahirə, Asuan, Əbdülfəttah əs-Sisi, ölənlər, yaralılar, dəmir yolu qəzası

****

Misirin Giza vilayətində iki sərnişin qatarının toqquşması nəticəsində 140 nəfər xəsarət alıb.

Misirin “Əş-Şüruq” nəşrinə istinadən, hadisə Əl-Əyyat şəhəri yaxınlığında, Kəfr Əmmar və Ər-Rəqqa stansiyaları arasında baş verib.

Məlumata görə, Giza–Fəyyum marşrutu üzrə hərəkət edən 134 nömrəli qatar Qahirə–Asuan istiqamətində gedən 2010 nömrəli qatarın arxa hissəsinə çırpılıb.

Toqquşma nəticəsində qatarın dörd vaqonu relsdən çıxaraq aşıb.

Hadisə yerinə 20-dən çox təcili tibbi yardım avtomobili, xilasedicilər və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Qəza ilə əlaqədar bölgədəki xəstəxanalar gücləndirilmiş iş rejiminə keçirilib.

Misir prokurorluğu hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlayıb.

Xəsarət alanların dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.