Rusiyalı futbolçu İstanbul nəhənglərinin hədəfində olması haqda nə dedi?

Aleksey Batrakovun Türkiyədə sərgilədiyi uğurlu performansdan sonra İstanbul nəhənglərinin rusiyalı futbolçulara marağı artıb.

Nəhənglərin hələ yaydan bu yana maraq göstərdiyi digər rusiyalı futbolçu ÇSKA-nın üzvü Matvey Kislyakdı. Batrakovun meneceri Sergey Kuzmiçev son açıqlamasında ''Fənərbaxça'' ilə ''Qalatasaray''ın Kislyaka ciddi şəkildə izlədiklərini etiraf etmiş, amma başqa detalları açıqlamamışdı.

Bu dəfə Kislyak özü susqunluğu pozub. Bu mövsüm 18 rəsmi oyuna çıxaraq aktivinə 1 qol, 3 məhsuldar ötürmə yazan gənc yarımmüdafiəçi Rusiya mətbuatına bunları deyib:

''Bu iddialar barədə heç bir məlumatım yoxdu. Mənimlə heç kim əlaqə saxlamayıb. Ona görə də heç nədən xəbərim yoxdu. Bəlkə də qış transfer dönəmində yeni şeylər olacaq. Amma bu dəqiqə heç nə bilmirəm. Adımın transferdə hallanması üzərimdə heç bir təzyiq yaratmır. Bu dedi-qodulara alışmışam. Hər transfer dönəmində belə söz-söhbətlər eşidirəm. Batrakov Türkiyədə yaxşı oynadığından və qollar vurduğundan indi bu iddialar daha da artıb. Amma dediyim kimi tam sakitəm. Çünki bunlar ilk dəfə yaşanmır''