Bakının güc strategiyası: Zəfər, quruculuq və yeni geosiyasi reallıqlar

“Prezident İlham Əliyevin Zəfər bayramı ərəfəsində işğaldan azad olunmuş torpaqlara səfər edərək, orada mühüm obyektlərin açılışında iştirak etməsi, yaxud mühüm obyektlərin, layihələrin təməlini qoyması artıq bir ənənə halını alıb. Bu da təsadüfi deyil. Çünki erməni işğalçıları 10 illiklər ərzində həmin əraziləri talayıblar, yaşayış məskənlərini dağıdıblar, infrastruktur obyektlərini məhv ediblər. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması böyük əmək və zəhmət hesabına başa gəlir”.

Bunu açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O rəsmi rəqəmlərə istinadən bildirib ki, hazırda regionda 100 minə yaxın insan daimi yaşayır və çalışır.

“Həmin vətəndaşların işlə təmin olunması, gələcək həyatlarını qura bilmələri dövlətin diqqət mərkəzində olan ən əsas məsələlərdən biridir”, - siyasi şərhçi vurğulayıb.

Politoloq əlavə edib ki, əgər parlaq qələbə ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi olmasaydı, bunların heç biri mümkün deyildi:

“Digər tərəfdən, bu proseslərə maneçilik göstərən qüvvələr, siyasi dairələr, ölkələr hazırda da mövcuddur və onların Azərbaycan və regionla bağlı əsl niyyətləri, məqsədləri, istəkləri dəyişməyib. Sadəcə olaraq Azərbaycan onları 44 günlük müharibənin nəticələri ilə barışmağa məcbur eləyib.

Azərbaycan bu reallıqları öz siyasəti, öz ordusunu gücləndirməklə yaradıb. Eyni zamanda ölkə iqtisadiyyatı dayanıqlıdır, Bakı öz imkanlarına arxalanır. Bütün bunların nəticəsində qələbə mümkün oldu. Azərbaycanın qələbə qazanmasına baxmayaraq, təəssüflər olsun ki, yenə də geosiyasi risklər qalmaqdadır. Prezident bunu dəfələrlə bəyan edib ki, Azərbaycan yenə də öz gücünə və ordusuna arxalanmalıdır. Bu proseslər, yəni ordu quruculuğu, hərtərəfli möhkəmlənmək lazımdır. Güclü olmalıyıq ki, regionda öz geosiyasi layihələrini həyata keçirmək istəyən qüvvələrin niyyətlərinə qarşı qabaqlayıcı tədbirlər görə bilək. Nəticədə, bölgədə destruktiv proseslər baş verməsin”.

İlqar Vəlizadə bildirib ki, Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirlər həm bölgədə destruktiv mövqe sərgiləyən qüvvələrə, həm də Ermənistandakı revanişstlərə dəstək verənlərə sərt mesajdır: “Bölgədə destruktiv siyasəti dəstəkləyənlər heç bir nəticə əldə etməyəcək və onlar layiqli cavablarını alacaqlar”.