Hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olundu - FOTO

8 Noyabr - Zəfər Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunub.

Müdafiə Nazirliyindən Ölkə.az-a verilən məlumata görə, çıxışlardan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bayram konsertlərində hərbi-vətənpərvərlik mahnıları, müxtəlif marşlar, tanınmış Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi parçaları ifa edilib.

Hərbi orkestrlərin çıxışları sakinlər və şəhərin qonaqları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.