Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Kulis.az Tərlanə Yaqubqızının Orxan Saffarinin "404" romanı haqqında yazısını təqdim edir.

Gənc yazar Orxan Saffari ilə heç bir şəxsi tanışlığım yoxdur. Onu sosial şəbəkədən izləmişəm və cəmiyyətdə tanınan bir çox adamı tənqid edən cəsarətli yazılarını oxumuşam. Yəqin çoxları elə düşünür ki, Orxan çatana çatır, çatmayana da bir daş atır. Hətta yazımın sərlövhəsini oxuyan bəzi oxucular Orxanın davakarlığından bəhs edəcəyimi zənn edəcəklər. Əsla belə deyil.

Gənc yazarın kitabxanamızın fondunda olan məqalələrini oxuyandan sonra belə qənaətə gəldim ki, Orxan ciddi söz adamıdır. Onu da eşitmişdim ki, bu yaxınlarda yeni romanı çap olunub. Amma vaxt tapıb hələ oxuya bilməmişdim. Qismət dünənə imiş. Elə dünən bir oxucu məndən Orxan Saffarinin müharibə mövzusunda yazdığı "404" romanını istədi. Kitabı təhvil verən kimi məndə də onu oxumağa həvəs yarandı. Beləliklə, maraq vaxtı üstələdi və bir də gördüm ki, romanı bitirmişəm.

Sözüm pafoslu görünməsin, əslində, roman məni bitirdi. Üstündən bir gün keçib, hələ də əsərin təsirindən çıxa bilmirəm. Orxan Saffari oxuculara sanki 44 günlük müharibədə yaşadıqlarını bir daha yaşadır.

Elə bil müharibə başlayan gündən cəmiyyətimizdə baş verən hadisələri, insanların duyğularını kimsə bircə-bircə Orxana diqtə edib və o da yazar kimi bunları qələmə alıb. Amma, əlbəttə ki, belə deyil.

Əslində, müharibə mövzusu bizim oğlanların lap kiçik yaşlarından beynində, düşüncəsində, dava-dava oyununda baş verir. Orxan da uşaqlıqda əlinə taxtadan, plastmasdan oyuncaq tüfəng alıb məhəllədə dava-dava oyunu oynayan nəslin nümayəndəsidir. Orxan artıq böyüyüb və bu dəfə həmin mövzunu öz yaradıcılıq təfəkküründən keçirib roman yazıb. Demək istəyirəm ki, Orxan müharibəyə gedə bilməsə də, müharibəni yaşayıb. Bu roman Orxanın müasirlərinin də yaşantılarıdır, hamı bu günləri yaşayıb, lakin hamı bunları nəsrə və ya nəzmə salmaq, ədəbi əsərə çevirmək iqtidarına malik deyil. Gənc yazar isə bunun öhdəsindən gələ bilib.

Müharibə mövzusu ədəbiyyatın ən ağrılı yeridir. E.M.Remarkdan, L.Tolstoydan, M.Şoloxovdan tutmuş Aqil Abbasa, Elxan Elatlıya qədər bu mövzuda yazmış bir çox müəllifin əsərlərini mütaliə etmişəm və mütəəssir olmuşam. Orxan Saffarinin romanı da müharibənin bəşəriyyətə yaşatdığı acıları bütün çılpaqlığı və reallığı ilə əks etdirir.

Burada müharibənin yalnız döyüş meydanında baş verənlərdən ibarət olmadığını görürük. Müharibə həm də evində oğlunun yolunu gözləyən ananın, telefon zəngini intizarla gözləyən atanın, qardaşından xəbər ala bilməyən bacının, sevdiyinin sağ-salamat qayıtmasını arzulayan gənc qızın yaşantısıdır. Müharibə insanın iç dünyasında açdığı yaralarla da ölçülür. Bəzən bir xəbər, bir telefon zəngi, bəzən də uzun sürən sükut insanın həyatını dəyişir.

Bu romanı oxuyarkən bir daha anladım ki, 44 günlük müharibə bizim tariximizdə yalnız qazanılmış böyük Zəfər kimi deyil, həm də yaddaşımızda əbədi yaşayacaq ağır sınaq kimi qalacaq. O günləri yaşamış insanların xatirələri, hissləri, yaşantıları yazıya alınmalıdır ki, gələcək nəsillər Zəfərin hansı ağrıların, hansı itkilərin və hansı fədakarlıqların hesabına qazanıldığını bilsinlər.

Orxan Saffarinin «404» romanı da məhz bu baxımdan mənim üçün dəyərli oldu. Gənc bir yazarın belə ağır və məsuliyyətli mövzuya müraciət etməsi, onu öz yaradıcılıq süzgəcindən keçirərək oxucuya təqdim etməsi təqdirəlayiqdir.

Romanı bitirdim, amma düşüncələrim hələ də onun səhifələri arasında dolaşır. Bəlkə də, ədəbiyyatın əsas gücü elə bundadır: kitab bağlanır, amma yaratdığı duyğular oxucunu tərk etmir.

İnanıram ki, illər keçəcək, 44 günlük müharibənin iştirakçıları, şahidləri yaşadıqlarını övladlarına, nəvələrinə danışacaqlar. Həmin günləri görməyən nəsillər isə bu romanları oxuyaraq xalqımızın hansı tarixi mərhələdən keçdiyini öyrənəcəklər. Bəlkə də, o zaman Orxan Saffarinin bugünkü duyğuları ilə yazdığı bu əsər başqa bir nəslin yaddaşına çevriləcək.

Mən isə bir oxucu kimi romanı bitirdikdən sonra özümə bir sual verdim: Görəsən, biz yaşadığımız bu böyük tarixi hadisələrin ədəbiyyatımızda layiqli əksini tapması üçün daha nə qədər əsər oxumalı, nə qədər tale dinləməliyik? Yəqin ki, hələ çox. Çünki müharibənin ağrısı da, Zəfərin mənəvi yükü də bir romanın səhifələrinə sığacaq qədər kiçik deyil.

Orxan Saffariyə bu ağır mövzuya müraciət etdiyi, oxucunu düşündürdüyü və yaşadığımız günləri yenidən xatırlatdığı üçün təşəkkür edirəm. Arzu edirəm ki, onun qələmi daha böyük əsərlərə imza atsın. Çünki ədəbiyyatımızın belə mövzuları özünəməxsus düşüncə və duyğularla qələmə alan gənc yazarlara ehtiyacı var.

Və, bəlkə də, ən əsası: bəzi kitablar oxunub bitmir, insanın içində yaşamağa davam edir. "404" mənim üçün məhz belə kitablardan biri oldu.

Sonda isə bir ana kimi arzu edirəm ki, xalqımız bundan sonra sülh və əmin-amanlıq şəraitində yaşasın, “Torpaqların 20 faizini aldıq, mənim 80 faizim getdi”, – deyən Əsgərin faciəsini heç bir gəncimiz yaşamasın.