İlham Əliyev və xanımı Cəbrayılda..- Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.Oxu24.com xəbər verir ki, “Azərsun Holdinq”in müşahidə şurasının sədri Tahir Gözəl dövlətimizin başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi.Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisədə qazlı və qazsız sular, soyuq çay, meyvə tərkibli, vitaminli və azkalorili içkilər istehsal olunacaq. Ərazisi 10 hektar olan müəssisənin illik istehsal gücü 150 min tondur. Məhsulların daxili bazarla yanaşı, xarici bazarlara ixracı nəzərdə tutulur. Burada İtaliya istehsalı olan müasir avadanlıq quraşdırılıb. İstehsal prosesi suyun təmizlənməsi, şərbət hazırlanması, qarışdırma, qazlaşdırma, məhsulun plastik butulka və şəffaf qida qablarına doldurulması, qapaqlanması, etiketlənməsi və qablaşdırılması mərhələlərini əhatə edir.Layihənin ümumi dəyəri 70 milyon manatdır. Maliyyələşmədə özəl vəsaitlə və bank kreditləri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) dəstəyi ilə 5 milyon manat məbləğində güzəştli kreditdən, həmçinin əlavə 5 milyon manat kredit üzrə zəmanət və faiz subsidiyası mexanizmindən istifadə edilib. Burada 300 nəfər daimi işlə təmin ediləcək.Qeyd edək ki, müəssisə Şərqi Zəngəzur iqtisadi rayonunda qida sənayesinin inkişafına töhfə verməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsində də böyük rol oynayır. Eyni zamanda, bu layihənin reallaşması ölkəmizin ixrac potensialının artırılmasına öz töhfəsini verir.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.Bildirilib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma Soltanlı kəndində görülən işlər barədə məlumat verdi.Soltanlı kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. İşğal dövrünədək əhali əsasən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.Ümumi sahəsi 108,5 hektar olan Soltanlı kəndində 420 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi - su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. Layihə üzrə Soltanlı kəndində ikimərtəbəli inzibati bina, uşaq bağçası, həkim-tibb məntəqəsi, həmçinin çoxfunksiyalı bina tikilib. Kənddə aptek, market, dərzi, gözəllik salonu və digər xidmət mərkəzləri üçün nəzərdə tutulmuş bir və ikimərtəbəli hissələrdən ibarət olmaqla çoxfunksiyalı bina inşa edilib.Kənddə inşa olunmuş 140 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada metodika, kompüter, oyun, musiqi otaqları, yeməkxana uşaqların ixtiyarına veriləcək.Axar.az