Timsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ

Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb.

Xarici mediaya istinadən, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməyə çatıblar.

Hadisə çərşənbə günü axşam saatlarında Kukke-Subramanya bölgəsində, Kumaradhara çayı üzərindəki körpünün yaxınlığında baş verib.

Polisin məlumatına görə, qadın şəxsi problemləri səbəbindən ağır emosional vəziyyətdə olub. O, intihar etmək məqsədilə çaya girib. Bu zaman gözlənilmədən timsahın hücumuna məruz qalıb.

Qadının qışqırığını yaxınlıqdakı otelin əməkdaşları eşidərək dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakinlərlə birlikdə qadını sudan çıxarıblar.

Təhlükəli hücuma baxmayaraq, qadın yüngül xəsarətlərlə xilas olub.

Xilas edilən qadın xəstəxanaya aparılıb və ona ilkin tibbi yardım göstərilib. Polis əməkdaşları ilə söhbətdən sonra qadın qohumlarının müşayiəti ilə evinə qayıdıb.