Bakı, 6 noyabr, AZƏRTAC AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmuş 56 əməkdaşla görüş keçirib.Qurumdan AZƏRTAC-a verilən məlumata görə, 2025-ci ilin sentyabrında başlanmış proqram gələcək aviatexniklərin nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsini nəzərdə tutur. Təhsilin ilk iki ili Milli Aviasiya Akademiyasında (MAA) nəzəri hazırlığa, növbəti üç ili isə praktiki təlimə həsr olunub. B1 istiqaməti təyyarələrin konstruksiyası, mühərrikləri və mexaniki sistemlərinə, B2 istiqaməti isə elektrik, elektron, rabitə və naviqasiya sistemlərinə texniki xidmət üzrə ixtisaslaşmanı əhatə edir.Görüş zamanı “Azərbaycan Hava Yolları” QSC-nin İnsan Resursları İdarəsinin əməkdaşları və Texniki Xidmətin rəhbər heyəti iştirakçılara aviaşirkətin strateji prioritetləri, inkişaf perspektivləri və gələcək texniki mütəxəssislər qarşısında qoyulan peşəkar tələblər barədə məlumat veriblər. Həmçinin iştirakçıların gələcək karyera imkanları və aviasiya sahəsində peşəkar inkişafın əhəmiyyəti ətrafında müzakirələr aparılıb. Tədbir çərçivəsində təşkil olunan praktiki təlim isə korporativ dəyərlərin gündəlik iş prosesində tətbiqinə və hər bir əməkdaşın uçuş təhlükəsizliyi mədəniyyətinin formalaşmasında daşıdığı məsuliyyətə həsr olunub.Proqram “Azərbaycan Hava Yolları” QSC-nin texniki xidmət sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasına, daxili kadr potensialının inkişafına və aviasiya əməliyyatlarının dayanıqlılığını təmin edən peşəkar komandanın formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsidir.
“Azərbaycan Hava Yolları” gələcəyin texniki mütəxəssislərini yetişdirir
Mənbə: azertag.az/xeber/azerbaycan_hava_yollari_geleceyin_texniki_mutexessislerini_yetisdirir-4498119