NATO-Ukrayna Şurası Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupunun iclasından əvvəl Brüsseldə daimi nümayəndələr səviyyəsində fövqəladə görüş keçirib. NATO-nun baş katibi Mark Ruttenin sədrliyi ilə keçirilən görüşdə müttəfiqlərə Rusiyadan gələn təhdidlər və Ukraynanın təcili müdafiə ehtiyacları barədə məlumat verilib.
İclasda Ukraynanın Avropaya inteqrasiya üzrə müdafiə nazirinin müavini Sergiy Boyev şəxsən, Silahlı Qüvvələrin Baş Komandanının müavini vəzifəsini icra edən Sergey Sobko isə videokonfrans vasitəsilə iştirak edib. Onlar cəbhədəki son vəziyyəti, mövcud təhdidləri, Ukrayna ordusunun təcili ehtiyacları barədə məlumat veriblər.
Xatırladaq ki, "Ramşteyn Qrupu" kimi də tanınan Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupu 17 noyabrda Brüsseldəki NATO qərargahında Böyük Britaniya və Almaniyanın həmsədrliyi ilə növbəti iclasını keçirəcək. 2022-ci ilin aprelində ABŞ-nin təşəbbüsü ilə yaradılan bu platforma 50-dən çox ölkəni bir araya gətirərək Ukraynaya hərbi yardımları koordinasiya edir. NATO-Ukrayna Şurası isə 2023-cü ilin iyulunda Vilnüs Sammitində təsis olunub. Şura NATO üzvləri ilə Ukraynanın bərabərhüquqlu tərəfdaş kimi təhlükəsizlik məsələlərini müzakirə etməsi və birgə qərarlar qəbul etməsi üçün yaradılıb.