Azərbaycanda ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə əldə etdikləri gəlirlər üzrə alternativ olaraq 8% dərəcə ilə sadələşdirilmiş vergi ödəmək hüququnun 5 il müddətinə verilməsi təklif olunur.
Təklifin məqsədi yükdaşıma sektorunda vergi öhdəliklərini sadələşdirmək, inzibati xərcləri azaltmaq və fəaliyyətin rəsmiləşdirilməsini təşviq etməkdir.
Əsaslandırmada qeyd olunur ki, ölkədaxili yükdaşıma sahəsində fəaliyyət göstərənlərin əhəmiyyətli hissəsi kiçik sahibkarlardan və fərdi daşıyıcılardan ibarətdir. Mövcud şəraitdə bəzi xərclərin rəsmiləşdirilməsinin mümkün olmaması dövriyyənin tam bəyan edilməməsi və qeyri-rəsmi fəaliyyət risklərini artırır.
Bildirilir ki, 8%-lik sadələşdirilmiş vergi mexanizmi sahibkarların vergi öhdəliklərini asanlaşdırmaqla yanaşı, yükdaşıma xidmətlərinin rəsmiləşdirilməsinə, logistika xərclərinin şəffaflaşmasına və bazarda bərabər rəqabət mühitinin formalaşmasına kömək edə bilər.