ABŞ administrasiyası Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya və Ukrayna ilə aparılan üçtərəfli danışıqların gələcəkdə Avropa ölkələrinin iştirakı ilə genişləndirilməsini mümkün hesab edir.
Bunu ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner “X” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan Rusiya-ABŞ-Ukrayna danışıqlarına hazırlıq davam edir.
“Bütün tərəflər məzmunlu və məhsuldar danışıqlara hazırlıq prosesində fəal iştirak edirlər. Biz avropalı tərəfdaşlarımızla sıx məsləhətləşmələr aparacağıq. İrəliləyiş əldə olunarsa, onların birbaşa iştirakı ilə daha geniş çoxtərəfli formata keçməyə çalışacağıq”, – Kuşner qeyd edib.
O bildirib ki, danışıqların formatı ilə bağlı təkliflər üzərində iş davam edir və Vaşinqton konstruktiv təşəbbüsləri müsbət qarşılayır.
Kuşnerin fikrincə, düzgün danışıqlar mexanizminin yaradılması müharibənin dayandırılması və davamlı sülhə nail olunması baxımından həlledici əhəmiyyət daşıyır.
“Reuters” agentliyinin məlumatına görə, Əbu-Dabidə keçiriləcək danışıqlarda ABŞ-ı Cared Kuşner və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun təmsil edəcəyi gözlənilir.