"Ağızdan gələn pis qoxunun (halitozun) əsas səbəblərindən biri ağız boşluğunda yaşayan bakteriyaların fəaliyyəti nəticəsində yaranan kükürdlü birləşmələr, xüsusilə hidrogen sulfididir. Bu bakteriyalar əsasən dilin üzərində, dişlərin arasında və diş əti ətrafında toplanaraq qida qalıqlarını parçalayır və xoşagəlməz qoxunun yaranmasına səbəb olur".
Bunu pediatr Elşən Tağıyev sosial media hesabında danışarkən bildirib.
"Uşaqlarda ağız qoxusunun qarşısını almaq üçün ağız boşluğunun gigiyenasına diqqət yetirmək, dişləri gündə ən azı iki dəfə təmizləmək, dilin üzərindəki ərpi aradan qaldırmaq və kifayət qədər su qəbulunu təmin etmək vacibdir. Bununla yanaşı, uşağın gündəlik qidalanmasına təbii qatığın əlavə edilməsi də faydalı ola bilər".
O qeyd edib ki, qatığın tərkibindəki probiotiklər ağız boşluğundakı bakterial tarazlığın qorunmasına kömək edə bilər:
"Bəzi probiotiklərin ağız qoxusuna səbəb olan bakteriyaların sayını və onların ifraz etdiyi kükürdlü birləşmələri azaltmaq potensialı var. Həmçinin şəkərsiz təbii qatıq ağız boşluğunda turşuluğun tənzimlənməsinə kömək etməklə diş çürüməsi riskinin azaldılmasında müəyyən rol oynaya bilər".