Türkiyədə silahlı hücum

Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniyə rayonunda baş verən qanlı hadisə bölgəni sarsıdıb.

Bu barədə "Son Dakika" məlumat yayıb.

İlkin məlumatlara görə, İhsaniyəyə bağlı Ayazini və Qıyır kəndlərindəki avtomobillərdə odlu silahla qətlə yetirilmiş beş nəfərin cəsədi tapılıb.

Aparılan araşdırmalar və ərazi üzrə genişləndirilən operativ tədbirlər nəticəsində məlum olub ki, cinayətləri törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçarkən yolüstü digər bir nöqtədə də iki nəfəri tüfənglə vuraraq öldürüb. Bununla da hücum nəticəsində həyatını itirənlərin ümumi sayı 7-yə çatıb.

Hadisə yerinə cəlb olunan jandarma və polis qüvvələri cinayətlərin baş verdiyi məhəllələrin giriş-çıxış nöqtələrini tam nəzarətə götürərək bağlayıblar.

Qatil və ya qatillərin yaxalanması istiqamətində genişmiqyaslı axtarış əməliyyatları qətiyyətlə davam etdirilir.

Həyatını itirən şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.