Mingəçevir, 5 noyabr, AZƏRTAC Mingəçevir Dövlət Universiteti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Şanlı Zəfərin altıncı ildönümü: tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış” mövzusunda elmi-praktik konfrans keçirilib. AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, əvvəlcə Mingəçevir şəhərində salınmış Zəfər parkı ziyarət edilib, şəhidlərin xatirəsinə həsr olunmuş guşənin önünə gül dəstələri düzülüb, əziz xatirələri dərin hörmət və ehtiramla yad edilib. Sonra parkın ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiya şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, Zəfər irsinin yaşadılması və gələcək nəsillər üçün daha yaşıl, sağlam mühitin formalaşdırılması baxımından rəmzi məna daşıyıb. Daha sonra Mingəçevir Dövlət Universitetinin həyətində tələbələrin və şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şagirdlərinin vətənpərvərlik mövzusunda ərsəyə gətirdikləri rəsm əsərləri və əl işləri nümayiş etdirilib. Konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətindən bəhs edib. Gənc nəslin Zəfər tariximizi dərinliyi ilə bilməsinin önəminə diqqət çəkib. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov “8 Noyabr Zəfərinin Azərbaycan dövlətçilik tarixində yeri və tarixi əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə tarixi Qələbənin Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin əsasını qoyduğu, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasının milli tariximizin ən mühüm hadisələrindən biri olduğu diqqətə çatdırılıb. Zəfərin yalnız hərbi-siyasi uğur deyil, eyni zamanda, milli özünüdərkin, ictimai həmrəyliyin və gələcəyə inamın güclənməsində mühüm amil olduğu vurğulanıb. Gənc nəslin tarixi həqiqətlər əsasında yetişdirilməsində universitetlərin üzərinə düşən məsuliyyət, elmin və təhsilin milli dövlətçilik dəyərlərinin qorunmasındakı rolu xüsusi qeyd olunub. Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Vətən müharibəsi və milli-mənəvi dəyərlərin müasir bədii düşüncədə əksi” mövzusunda çıxışında Zəfər salnaməsinin bədii yaradıcılıqda yaşadılmasının tarixi yaddaşın qorunması və gənclərin vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Şəhər 23 saylı tam orta məktəbin direktor müavini şəhid ailəsinin üzvü Aygün Quliyeva “Zəfər tariximizin şanlı səhifəsi: milli birlik və ictimai həmrəylik fenomeni” mövzusunda çıxışında Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi sarsılmaz birlikdən söz açıb. MDU-nun Riyaziyyat kafedrasının müdiri Vətən müharibəsi veteranı Rövşən Babayev “Zəfərdən suverenliyə: Azərbaycanın müasir siyasi tarixinin yeni mərhələsi” mövzusunda məruzəsində tarixi Qələbədən sonra Azərbaycanda baş verən mühüm dəyişikliklərə, dövlət suverenliyinin tam bərpasının strateji əhəmiyyətinə və ölkəmizin qarşısında açılan yeni inkişaf perspektivlərinə toxunub. Böyük Qayıdışın sosial-iqtisadi və mənəvi əhəmiyyətindən bəhs edilib. Tədbirdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Müxbir – Vüsalə Cənnətova