Tbilisi, 6 noyabr, AZƏRTAC Tbilisidə “Era Teatrı” tərəfindən “Koordinat 44” adlı yeni tamaşanın premyerası keçirilib. AZƏRTAC xəbər verir ki, şəhidlərimizin əziz xatitəsi bir dəqiqlik sükutla yad edilib, Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Tədbirdə Türkiyə, Türkmənistan və Qazaxıstanın Gürcüstandakı səfirləri, diplomatik korpusun nümayəndələri, şəhid ailələrinin üzvləri, Gürcüstan parlamentinin deputatları, Qarabağ müharibəsi veteranları, din və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tamaşanın təqdimatı zamanı səhnədə quraşdırılmış ekranda 44 günlük Vətən müharibəsini, Qələbəmizi, eləcə də Qələbədən sonra keçirilən hərbi paradı, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərini əks etdirən foto və video kadrlar nümayiş etdirilib. Azərbaycanın Zəfər Gününə - 8 Noyabr tarixinə həsr olunan tamaşa Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi ilə səhnəyə qoyulub. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edib. O deyib ki, Zəfərə aparan yolun siyasi, ideoloji və mənəvi əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin dövrdə dövlətçiliyin möhkəmləndirilməsi, milli birliyin gücləndirilməsi və nizami ordunun formalaşdırılması istiqamətində atılan addımlar gələcək Qələbənin əsasını təşkil edib. Səfir bildirib ki, 2020-ci il noyabrın 8-də Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biri yazılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın sarsılmaz birliyi nəticəsində tarixi ədalət bərpa olunub, ölkənin suverenliyi və milli qüruru təmin edilib. F.Quliyev vurğulayıb ki, Azərbaycan bayrağının Qarabağın hər guşəsində dalğalanması və dövlət suverenliyinin tam bərpası xalqda böyük qürur hissi doğurur. Diplomat qeyd edib ki, Zəfərə aparan yolun siyasi, ideoloji və mənəvi əsasları hələ 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. F.Quliyev çıxışında Azərbaycanın bundan sonra da öz təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə qoruyacağını bildirib. Vurğulayıb ki, Azərbaycan heç bir ölkənin ərazisinə və xalqın haqqına iddia etmir, lakin ölkənin təhlükəsizliyinə qarşı hər hansı təhdidə yol verilməyəcək. O, Vətən müharibəsində qazanılmış Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldığını xatırladıb. Qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri çərçivəsində yeni infrastruktur obyektlərinin təməli qoyulub, mühüm inkişaf layihələrinin icrasına start verilib. Ötən altı il ərzində azad edilmiş ərazilərdə həyat yenidən canlanıb, şəhər və kəndlər bərpa olunur, müasir yollar, məktəblər və mədəniyyət ocaqları tikilir. Səfir şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da danışıb. Bildirib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, eləcə də şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunması istiqamətində Azərbaycanın Gürcüstandakı səfirliyi də öz səlahiyyətləri çərçivəsində mütəmadi iş aparır. Səfir vurğulayıb ki, Gürcüstanda həlak olmuş azərbaycanlı şəhidlərin adları Azərbaycanın qəhrəmanlıq salnaməsinə əbədi həkk olunub və onların xatirəsinin yaşadılması müqəddəs borcdur.Onun sözlərinə görə, bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilib, yeni təşəbbüslər üzrə işlər isə davam etdirilir. F.Quliyev bildirib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə təkcə ölkəmizin deyil, bütün Türk dünyasının qələbəsidir. O, tədbirdə iştirak edən Türkiyə və Qazaxıstanın Gürcüstandakı səfirlərinə də xüsusi təşəkkürünü bildirib və onların iştirakını xalqlar arasında dostluq və qardaşlığın təzahürü kimi qiymətləndirib. Diplomat Vətən müharibəsi dövründə Gürcüstanın nümayiş etdirdiyi dostluq və həmrəyliyi də minnətdarlıqla xatırladıb.Qeyd edib ki, Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələri dövründə Gürcüstanda yaşayan soydaşlarımız böyük həmrəylik nümayiş etdiriblər. Gürcüstanın müxtəlif bölgələrindən olan azərbaycanlılar Azərbaycan Ordusuna dəstək aksiyaları keçirib, ərzaq məhsulları, tibbi ləvazimatlar və maddi yardımlar toplayaraq Azərbaycana göndəriblər. Tükiyənin Gürcüstandakı səfiri Mustafa Türər Arı, tamaşanın rejissoru və "Era Tetrı"nın bədi rəhbəri Anar Raforoğlu çıxış edərək fikirlərini bölüşüblər. Sonra tamaşanın premyerası olub. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi