Laçında Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Laçın rayonunun Bəylik kəndində Zəfər Gününün 6-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Aksiya "Laçın rayonunun Bəylik kəndi ərazisində yaşıllıqların artırılması" layihəsi əsasında rayonun təbiət simvollarından biri olan "Bəylik Bağları"nda təşkil olunub.

Ağacəkmə aksiyası işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasına yönəlmiş tədbirlərin tərkib hissəsidir.

Aksiyanın əsas məqsədi Laçın rayonunun tarixi və mədəni simvollarından biri olan "Bəylik Bağları" ərazisində meyvə bağının yenidən salınması, ərazinin ənənəvi aqrar fəaliyyətinin canlandırılması və mövcud ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verilməsidir.

Ağacəkmə aksiyasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Bərpa Tikinti Xidmətinin əməkdaşları, yerli sakinlər iştirak ediblər.

Qeyd edək ki, sözügedən layihə Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə həyata keçirilir.