Laçında tarixi “Bəylik Bağları” yenidən salınır

LAÇIN, 5 noyabr. TELEQRAF

Zəfər Gününün 6-cı ildönümü münasibətilə Laçın rayonunun Bəylik kəndi ərazisində yaşıllıqların artırılması layihəsi həyata keçirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, layihə çərçivəsində ərazidə ağacəkmə aksiyası təşkil olunub.

Tədbirin əsas məqsədi Laçının tarixi və mədəni simvollarından biri olan “Bəylik Bağları” ərazisində meyvə bağının yenidən salınması, ənənəvi aqrar fəaliyyətin bərpası və ekoloji mühitin yaxşılaşdırılmasıdır.

Layihə işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası, yaşıllıq sahələrinin genişləndirilməsi və tarixi bağçılıq ənənələrinin yaşadılması baxımından əhəmiyyət daşıyır.

Layihə Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilati dəstəyi ilə həyata keçirilir.