Balıqçılıq təsərrüfatları su təminatını əvvəlcədən planlaşdırmır – ADSEA rəsmisi

Balıqçılıq və akvakultura təsərrüfatları yaradılarkən suya tələbat və mövcud ehtiyatlar əvvəlcədən qiymətləndirilməlidir. Təsərrüfatlar fəaliyyətə başladıqdan sonra su təminatı ilə bağlı müraciətlərin edilməsi suyun bölüşdürülməsini çətinləşdirir.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Ataxan Bədəlov bildirib.

Onun sözlərinə görə, ölkənin su ehtiyatlarının 70 faizdən çoxunun transsərhəd mənbələr hesabına formalaşması və iqlim dəyişiklikləri suyun planlı idarə olunmasını zəruri edir.

Bədəlov qeyd edib ki, bəzi təsərrüfatların su obyektlərindən özbaşına istifadəsi halları da aşkarlanır. Bu cür halların qarşısının alınması üçün sahibkarlarla maarifləndirmə işləri aparılır.

O, həmçinin balıqçılıq təsərrüfatlarında tullantı sularının təmizlənməsi və su obyektlərinə zərərli maddələrin axıdılmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görüldüyünü vurğulayıb.