Muğamsevərlərə MÜJDƏ: Təyyar Bayramovun “Avaz” Muğam Mərkəzi fəaliyyətə başladı

Ustad xanəndə, Prezident mükafatçısı, Əməkdar artist Təyyar Bayramovun rəhbərliyi ilə “Avaz” Muğam Mərkəzi fəaliyyətə başlayıb.

Yaşından asılı olmayaraq muğam sənətinin incəliklərini və sirlərini dərindən öyrənmək istəyən hər kəs bu mərkəzə müraciət edə bilər.

T.Bayramov mərkəzin fəaliyyəti haqqında bunları deyib:

“Bu, əslində gözəl bir təşəbbüsdür. Burada yaşından asılı olmayaraq hər kəs iştirak edə bilər. Mərkəzimizə azyaşlı uşaqlar, vaxtında ali məktəbə qəbul ola bilməyib sonradan muğam təhsili almaq və savadlanmaq istəyənlər, eləcə də ixtisasını artırmaq istəyən musiqi məktəblərinin müəllimləri, ali və orta ixtisas məktəblərinə hazırlaşanlar və müğənnilər gələ bilərlər.

Müəyyən vaxt keçdikdən sonra digər müəllimlərimiz də bu mərkəzdə fəaliyyət göstərəcəklər. Eyni zamanda mərkəzimizdə ali məktəblərə hazırlıq proqramları və dinləyicilərin səsinə uyğun repertuarın seçilməsi üçün hər cür şərait yaradılıb.

Bəzən keçid dövründə olan uşağa imtahanda “Rast” dəstgahı verirlər. Mərkəzimizdə isə onların səsinə uyğun muğamlar seçilir. Yəni hər kəs gəlib burada sənətlə məşğul ola bilər”.