Mirzoyan: Ermənistan-Türkiyə sərhədi istənilən an açıla bilər

Ermənistanla Türkiyə arasında sərhədin açılması və diplomatik münasibətlərin qurulması istənilən an baş verə bilər.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament komissiyalarının birgə iclasında bildirib.

Nazir qeyd edib ki, Ermənistanla Türkiyə arasında dialoq kifayət qədər fəal və səmərəli şəkildə davam edir. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində bir sıra praktiki addımlar atılıb.

Mirzoyan bu çərçivədə tarixi Ani körpüsünün birgə bərpasını, tələbə mübadiləsi proqramlarını və biznes forumlarının təşkilini qeyd edib. O xatırladıb ki, ilk Ermənistan-Türkiyə biznes forumu Qarsda keçirilib, növbəti forumun isə 2027-ci ildə Ermənistanda təşkili planlaşdırılır.

XİN rəhbəri iki ölkə arasında ticarət mexanizmlərində də dəyişikliklər olduğunu bildirib. Onun sözlərinə görə, əvvəllər üçüncü ölkə vasitəsilə həyata keçirilən ticarətdə texniki maneələr aradan qaldırılıb və gömrük prosedurları baxımından birbaşa ticarətə keçilib. Bununla belə, malların fiziki daşınması hələ də Gürcüstan ərazisindən həyata keçirilir.

«Əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistan-Türkiyə sərhədi hələ də bağlıdır. Lakin proses artıq yetişib. Sərhədin açılması və diplomatik münasibətlərin qurulması istənilən an baş verə bilər», – deyə Mirzoyan vurğulayıb.