“Öz işlərimə başım o qədər qarışıb ki, vaxt tapıb nəvəmlə oynaya bilmirəm. Tamaşaçılar yolda saxlayıb soruşurlar ki, niyə efirlərdə görünmürsüz? Sözün düzü özüm tez-tez verilişlərə getmirəm. Tamaşaçını yormaq nəyə lazımdır ki?! Gündə eyni mahnı, eyni söhbət, eyni mövzular nə qədər olar?! Özüm gec-gec çıxıram ki, tamaşaçı darıxsın, gözü məni axtarsın. Bunu bilərəkdən edirəm. Ötən il yubileyimdə 1-2 verilişə ard-arda çıxdım, tamaşaçılar yazırdı ki, “harada idi bu Zümrüd xanım, darıxmışdıq onun üçün”. Bu sözü həmişə eşitmək istəyirəm”. Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Zümrüd Məmmədova deyib.
Sənətkar daha sonra öz dövrünün müğənniləri ilə müasir dövrün sənətçilərini müqayisə edib:
“O illərdə sənətə də, sənətkara da böyük hörmət və izzət var idi. Kimsə efirə çıxıb ağzına gələni danışmırdı. Nəzarət də var idi, insanlar da başqa cür idi. Başlarını aşağı salıb işləri ilə məşğul olurdular. O vaxtın sənətkarları indi də elə o dəst-xətlə gedirlər. Nə dedi-qodu ilə işimiz yoxdur, nə də sou-bizneslə. Şəxsən mən neçə illərdir öz sənətimlə məşğulam. Həm pedaqoji fəaliyyətim var, həm də elmi iş yazıram, tədqiqatlar edirəm. Yeni gələn gənc nəsil özləri bilərlər. Biz onların işinə qarışmırıq. Mən özümə cavabdehəm. İndi efirə çıxıb yalandan şou yaradırlar, bir-birlərini təhqir edirlər”.
Xalq artisti deyir ki, uzun illər hərbi vətənpərvərlik mahnıları oxuyub. Buna görə bəzən onu qınayan həmkarları da olub:
“Çox çətin illərdən keçmişik. Bütün arxa və ön cəbhələrdə fəaliyyət göstərmişə. Elə gün olub ki, başımın üstündən güllələr, pulemyotlar uçub. Bilirsiniz ki, mən səhnəyə qavalla, muğamla gəlmişəm. Həmkarlarımdan məni qınayanlar da olurdu. Deyirdilər ki, qavalı, kamançanı atıb, hərbi sahəyə niyə gedirsən? Sonralar bu danışanlar da başladılar hərbi mahnılar oxumağa”.
Əli Əsgər,