“Qərbi Abşeron” yatağında yeni dəniz özülü istismara verilib (FOTO)

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Qərbi Abşeron” yatağında yeni inşa edilmiş 50 saylı stasionar dəniz özülü istismara verilib.

Bu barədə “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

"SOCAR-ın "Azneft" İstehsalat Birliyinin (İB) strateji hədəflərindən biri olan yataqların infrastruktur potensialının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Yeni platformada ilk quyunun qazma, tamamlama işləri uğurla icra edilib və hasilat prosesinə başlanılıb. Ümumilikdə isə, 16 quyunun qazılması nəzərdə tutulub", - məlumatda bildirilib.

Məlumata görə, qazma və tamamlama işləri müasir texnologiyalar və kompüter proqramları vasitəsilə qurulmuş geoloji model əsasında layihələndirilir və icra edilir.

Qeyd edək ki, “Qərbi Abşeron” yatağı Xəzər dənizinin Abşeron arxipelaqının şimal-qərbində və Abşeron yarımadasının şimalında, Bakı şəhərindən 65 km məsafədə yerləşir. “Qərbi Abşeron” yatağı 1958-ci ildə kəşf edilib və ərazi sərt iqlim və meteoroloji şəraitlə xarakterizə olunur. Strukturun neftlə doyumluluğu məhsuldar zonanın Kirməki və Aşağı Kirməki layları ilə əlaqədardır və həmin laylarda hasilata 1996-cı ildə başlanılıb.