Bakı, 4 noyabr, AZƏRTAC “Azərbaycan şairləri İrana Qasımova ilə” layihəsinin altıncı görüşünün qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şeir kitabının müəllifi, çoxsaylı beynəlxalq müsabiqələrin laureatı Sahib Məmmədov olub. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində vurğulayıb ki, bu cür görüşlərin əsas mahiyyəti şeirlərin ictimaiyyətə çatdırılması ilə bitmir, burada başlıca məqam insanlar arasında mənəvi bağın yaranmasıdır.“Şair üçün bu, sözlərinin başqa insanların qəlbində necə əks-səda doğurduğunu hiss etmək, dinləyici üçün isə başqasının misralarında öz ruhuna doğma və yaxın olan nəyisə kəşf etmək imkanıdır”, – deyə müsahibimiz vurğulayıb.Tədbirdə Sahib Məmmədovun şeirlərini səsləndirən şairlər və bədii qiraət ustadları iştirak ediblər.“Azərbaycan şairləri” layihəsinin müəllifi İrana Qasımova Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şeir kitabının müəllifi, Azərbaycanın “Qızıl qələm” mükafatının laureatı, rejissor və ssenaristdir. O, həmçinin “İrana Qasımova ilə açıq şeir mikrofonu”, “İrana Qasımova ilə Poetry battle” və “İrana Qasımova ilə poeziya klassikası” kimi digər populyar layihələrin müəllifidir. Müəllif – Anara Axundova