Müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılan vətəndaşlar müəyyən müddət keçdikdən sonra yenidən hərbi təlimlərə çağırıla bilərlər.
Bu çağırış isə bir çox şəxslərdə suallar yaradır. Xüsusilə, hərbi xidmətini artıq başa vurmuş şəxslərin hansı əsaslarla yenidən hərbi təlimlərə cəlb edildiyi, bu çağırışdan imtina etməyin mümkün olub-olmadığı və təlimlərdə iştirak etmədikləri halda hansı hüquqi məsuliyyətlə üzləşəcəkləri maraq doğurur.
Vətəndaş hərbi xidmətə ilk dəfə yollanarkən xidmət müddəti başa çatdıqdan sonra yenidən təlimlərə çağırılması ilə bağlı hər hansı müqavilə və ya öhdəlik sənədi imzalayırmı?
Vətəndaş çağırışa baxmayaraq hərbi təlimlərə getməzsə, onu hansı hüquqi məsuliyyət gözləyir?
Bununla bağlı polkovnik Üzeyir Cəfərov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, deməli, müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra ehtiyata buraxılan vətəndaşlar müəyyən müddətdən sonra yenidən təlim toplantılarına cəlb olunurlar və bu, çox normal bir prosesdir:
“Sadəcə, əvvəllər Azərbaycanda tətbiq olunmadığına görə bəzi insanlarımızda sual doğurur: “Mən hərbi xidmətdən təzə gəlmişəm, yenə də məni çağırırlar”. Bir şeyi xatırlatmaq istəyirəm ki, hər kəs, istər rabitəçi olsun, istər tankçı, istərsə də artilleriyaçı xidmətdən qayıtdıqdan sonra müəyyən müddət keçəndə bəzi bilik və bacarıqlarını unudur. Ona görə də onları təlim toplantılarına çağıranda məqsəd həmin insanların bilik və bacarıqlarını lazımi səviyyədə saxlamaq və təkmilləşdirməkdir. Bu, yalnız həmin məqsədi daşıyır. Bilirsiniz ki, mən bunu başqa ölkələrin təcrübəsini öyrənən şəxs kimi deyirəm. Nəyə görə? Çünki bizim keçmiş hərbi komissarlığın, indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adından da göründüyü kimi, səfərbərlik o deməkdir ki, sən hərbi xidmətdən qayıtdıqdan sonra yenidən təlim toplantılarına cəlb olunursan. Müdafiə Nazirliyi təlimlər keçir, Dövlət Sərhəd Xidməti təlimlər keçir, Daxili Qoşunlar təlimlər keçir. Hər kəs öz ixtisası üzrə təlimlər keçirir. Sözsüz ki, hər kəs həmin təlimlərə cəlb olunur. Bu da bir müddət əvvəl öyrəndiklərini yenidən cilalayır. Ona görə də vətəndaşlar əvvəllər olmayan bir şeyi indi gördüklərinə görə narahat olurlar: “Niyə bizi çağırırlar?””.
Hərbi ekspert hər kəsin bu təlimlərə getməsinin vacib olduğunu açıqlayıb:
“Bəzən bundan sui-istifadə edənlər də olur, neqativ hallara yol verənlər də. Rüşvət və korrupsiya halları da baş verir. Yenidən təlimlərə çağırılmaq o demək deyil ki, səni cəzalandırırlar və ya incidirlər. Əslində, hər kəsin buna marağı olmalıdır. Əgər mən özəl şirkətdə və ya özəl işdə çalışıramsa və məni təlimlərə çağırırlarsa, iş yerim də, əməkhaqqım da saxlanılmalıdır. Çünki mən istirahətə deyil, təlim toplantılarına cəlb olunuram. Ona görə də insanlar bunu çox normal qarşılamalıdırlar. Təəssüflər olsun ki, bu məsələdə maarifləndirmə də yetərincə olmadığına görə insanlar arasında bir qədər çaşqınlıq yaranır. Beləliklə, hesab edirəm ki, vətəndaşlarımız həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra arxayın düşməməlidirlər ki, bir daha hərbi xidmətə getməyəcəklər. Bu gün bütün gənclərə, sadəcə olaraq, deyirəm ki, səni istənilən vaxt çağıra bilərlər. Bu, bir aydan sonra da ola bilər, bir ildən sonra da, üç ildən sonra da. Onu da istisna etmirəm ki, bəzi yerlərdə sui-istifadə halları olur.
Görürsünüz, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bəzi şəxslər insanları incitmək üçün onları tez-tez gərgin vəziyyətdə saxlayırlar ki, müəyyən maraqlarını təmin etsinlər. Bununla da səfərbərlik xidməti öz işini bariz şəkildə aparır. Keçən il, səhv etmirəmsə, 200-dən artıq şəxs bu xidmətin, yəni keçmiş komissarlığın işçisi məsuliyyətə cəlb olunub. Onların bir xeylisi cinayət məsuliyyətinə cəlb olunub, bəziləri vəzifələrindən çıxarılıb. Amma yenə də neqativ hallar davam edir. Ümumiyyətlə, bu məsələdə tam şəffaflıq təmin edilmədiyinə görə belə hallar bundan sonra da davam edəcək”.
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev də saytımıza açıqlama verib. Onun sözlərinə əsasən, ehtiyatda olan hərbçilər üçün 3 dərəcədə kateqoriya təyin olunub və bunların təlimlərə cəlb olunma sayı və müddəti də fərqlidir:
“Ehtiyatda olan hərbi qulluqçuların təlim, yoxlama və xüsusi yoxlanışlara çağırılması müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Qanunvericilikdə edilən son dəyişikliklərə əsasən ehtiyatda olan hərbi qulluqçular dərəcələrinə görə toplanışlara cəlb olunurlar. Toplanışların əsas məqsədi ehtiyatda olan hərbçilərin döyüş hazırlıq səviyyəsinin hərbi ixtisasları üzrə bilik və bacarıqlarını artırmaqdan və eyni zamanda müasir silahlanmaya qəbul edilən müasir silah və texnikaların istismar qaydalarını öyrənməkdən ibarətdir. Ehtiyatda olan vəzifəlilərin hərbi toplanışlara və ya təlimlərə üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manat qədər cərimə nəzərdə tutulur. Əgər şəxs hərbi təlim və toplanışlardan qəsdən, sistematik olaraq və üzrlü səbəblər olmadan yayınarsa, bu, xidmətdən yayınma kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə 2 ilə qədər azadlıqdan məhrum etmək ilə cəzalandırılır. Eyni əməl müharibə zamanı və ya döyüş şəraitində törədilərsə, cəzanın sanksiya müddəti 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur”.