Bakı, 4 noyabr, AZƏRTAC Avropa İttifaqında (Aİ), xüsusilə də Fransada ictimai-siyasi və iqtisadi vəziyyət getdikcə mürəkkəbləşir. Fransa və digər Avropa dövlətləri ciddi liderlik böhranı ilə üz-üzədirlər. Mövcud reallıqlar göstərir ki, problem təkcə küçə etirazları ilə məhdudlaşmır; əsas köklü problem hökumətlərin vətəndaşların gündəlik qayğılarını tam dərk etmək və onlara operativ, adekvat həll yolları tapmaq imkanlarının məhdudluğudur.Bu fikirləri AZƏRTAC-a açıqlamasında pakistanlı beynəlxalq münasibətlər üzrə analitik, ekspert Saeed Sahibzadə səsləndirib. O deyib ki, prezident Emmanuel Makronun rəhbərlik etdiyi hökumət ictimai narazılığın miqyasını və dərinliyini düzgün qiymətləndirə bilməyib: “Əhalinin səsinə qulaq asmaq və dialoq qurmaq əvəzinə, etirazların nəzarətdə saxlanılması üçün əsasən güc strukturlarına və sərt tədbirlərə üstünlük verilir. Gözyaşardıcı qaz və polis müdaxilələri işsizlik, yoxsulluq, inflyasiya, artan qiymətlər və dərinləşən iqtisadi bərabərsizlik kimi fundamental problemləri aradan qaldıra bilməz. Bu çağırışlar güc tətbiqini deyil, dərin siyasi və sosial islahatları tələb edir. Fransa və Almaniya Avropa İttifaqının əsas aparıcı qüvvələri kimi çıxış etsələr də, hər iki ölkə ciddi iqtisadi çətinliklərlə yanaşı, Yaxın Şərqdəki gərginlikdən qaynaqlanan enerji xərcləri və miqrasiya böhranı ilə üz-üzədir. Bu problemlər bütün Aİ məkanını, xüsusən də Almaniya, Fransa, İspaniya və İtaliyanı əhatə edən davamlı sistemik çağırışlardandır. Xüsusilə Qlobal Cənubdan Avropaya yönələn miqrasiya axınları həmin ölkələrin daxili sabitliyinə ciddi təsir göstərir. Mövcud vəziyyətin bu şəkildə davam etməsi siyasi qütbləşməni dərinləşdirə, ekstremist hərəkatların mövqelərini gücləndirə və demokratik institutları zəiflədə bilər. Eyni zamanda, bu tendensiya Aİ daxilində parçalanmalara yol açaraq, birliyin iqtisadi və siyasi sabitliyini təhlükə altına qoyur”. Ekspert deyib ki, bütövlükdə mövcud geosiyasi və daxili siyasi mənzərəyə analitik yönümdən nəzər saldıqda, Avropanın beynəlxalq imici ciddi suallar doğurur: “Ənənəvi olaraq qlobal miqyasda demokratiya, insan hüquqları və fundamental azadlıqlar ideyalarını təbliğ edən Qərb, bu dəyərlər öz daxilində sınağa çəkildikdə ikili standartlarda ittiham olunur. Asiya, Afrika və geniş Qlobal Cənub ölkələri Avropanın bəyan etdiyi prinsiplər ilə evdə qarşılaşdığı reallıqlar arasındakı ziddiyyətləri açıq şəkildə sual altına alırlar. Vətəndaşların rifahı və təhlükəsizliyi naminə bu disbalans aradan qaldırılmalıdır”. S.Sahibzadənin fikrincə, Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz: “Bunun üçün ictimai etimadın bərpası və güclü demokratik institutların mövcudluğu şərtidir. Əgər Fransa və rəsmi Brüssel mövcud çağırışları idarə etməkdə çətinlik çəkməyə davam edərsə, bunun nəticələri Avropanın birliyinə, siyasi sabitliyinə və beynəlxalq sistemdəki çəkisinə dağıdıcı təsir göstərə bilər”.