“Netflix”in ən maraqlı 6 ekran əsəri: Reytinqləri yüksəkdir

Axşam saatlarında maraqlı film və ya serial izləmək istəyənlər çox vaxt seçim etməkdə çətinlik çəkirlər. Bəzən izləməyə dəyər ekran əsəri tapmaq onun özünə baxmaqdan daha çox vaxt aparır. “Netflix” platformasında isə müxtəlif janrlarda yüzlərlə maraqlı film və serial mövcuddur.

Lent.az xarici mediaya istinadən son illərin diqqətçəkən 6 film və serialını təqdim edir.

Seçimlər arasında real hadisələr əsasında çəkilmiş kriminal dramlar, detektivlər, psixoloji trillerlər və sənədli filmlər yer alır.

“Mükəmməl cütlük”

Kriminal-detektiv janrında çəkilmiş serial Ameliya Saks adlı gənc qadının həyatından bəhs edir. O, varlı və nüfuzlu ailənin üzvü olan Benlə evlənməyə hazırlaşır. Bəyin anası Qrir Harrison məşhur yazıçı, istedadlı, lakin olduqca mürəkkəb xarakterli qadındır.

Toy mərasimi möhtəşəm keçməli olduğu halda, gözlənilməz faciə bütün planları alt-üst edir. Sahildə meyit tapılır və hadisə ilə bağlı araşdırma başlanır. Polisin apardığı dindirmələr zamanı ailənin hər bir üzvü şübhəli şəxsə çevrilir. Hadisələr inkişaf etdikcə ailənin illərdir gizlətdiyi sirlər və daxili münaqişələr üzə çıxır.

Gərgin süjetləri, sirli hadisələri və gözlənilməz dönüşləri sevənlər üçün bu serial maraqlı seçimdir. Cəmi altı bölümdən ibarət olduğuna görə onu bir gün ərzində izləmək mümkündür.

“İnanılmaz”

Serial cinsi zorakılığa məruz qaldığını bildirən, lakin sonradan yalan ifadə verməkdə ittiham olunan gənc qadının hekayəsindən bəhs edir.

Eyni zamanda iki qadın detektiv başqa qadınlara qarşı törədilmiş oxşar cinayətləri araşdırır. Tədricən hadisələr arasında müəyyən əlaqələrin olduğu üzə çıxır. Hadisələr iki paralel süjet xətti üzrə inkişaf edir. Tamaşaçı həm gənc qadının yaşadığı psixoloji sarsıntıları, həm də detektivlərin həqiqəti üzə çıxarmaq üçün apardığı mübarizəni izləyir.

Real hadisələrə və jurnalist araşdırmasına əsaslanan ekran əsəri izləyicilər tərəfindən yüksək qiymətləndirilib. Serial dörd dəfə “Qızıl Qlobus” mükafatına namizəd göstərilib.

“Bizi görəndə”

Real hadisələr əsasında çəkilmiş serial törətmədikləri ağır cinayətdə ittiham olunan beş yeniyetmənin faciəli həyat hekayəsini ekranlaşdırır.

Ziddiyyətli sübutlara baxmayaraq, yeniyetmələr cəmiyyətin və medianın ciddi təzyiqi ilə üzləşirlər. Məhkəmə qərarı verilməmişdən əvvəl belə, ictimaiyyətin bir hissəsi onları günahkar hesab edir.

Serialın hər bölümü hadisənin fərqli mərhələsini əks etdirir. Saxlanılma, istintaq, məhkəmə prosesi və həbsdən sonrakı həyat tamaşaçılara təqdim olunur. Ekran əsəri ədalətsizlik, irqi ayrı-seçkilik, ictimai rəyin təsiri və həbsdən sonra normal həyata qayıtmağın çətinlikləri kimi mövzulara toxunur.

Dörd bölümdən ibarət mini-serial yayımlandığı dövrdə böyük uğur qazanıb və nüfuzlu kino mükafatlarının əsas namizədlərindən birinə çevrilib.

“Sürünənlər”

Castin Timberleyk və Benisio del Toronun rol aldığı bu kriminal triller gənc daşınmaz əmlak agentinin müəmmalı ölümünün araşdırılmasından bəhs edir.

İlk baxışdan adi cinayət hadisəsi kimi görünən iş getdikcə daha mürəkkəb xarakter alır. Araşdırma zamanı qurbanın ətrafındakı müxtəlif şəxslər şübhə altına düşür. Hadisənin təfərrüatları üzə çıxdıqca detektiv Tom Nikolsun şəxsi həyatı da bu prosesdən təsirlənməyə başlayır.

Filmin süjeti elə qurulub ki, tamaşaçı demək olar, bütün personajlardan şübhələnir. Hər yeni məlumat əvvəlki ehtimalları dəyişir və hadisələrin sonunu proqnozlaşdırmaq çətinləşir.

Məşhur aktyor heyəti və dolaşıq detektiv xətti filmi kriminal triller həvəskarları üçün maraqlı seçimə çevirir.

“Devid Attenboro: Planetimizdə həyat”

Tanınmış təbiətşünas və sənədli film müəllifi Devid Attenboro bu ekran əsərində öz həyatı boyunca Yer kürəsində baş verən dəyişikliklərdən danışır.

O, vaxtilə zəngin canlı aləminə malik olan təbiət ərazilərinə yenidən baş çəkir və həmin məkanların illər ərzində necə dəyişdiyini göstərir. Film insan fəaliyyətinin təbiətə təsirini, ekosistemlərin əhəmiyyətini və planetin gələcəyi üçün görülməli tədbirləri izah edir. Eyni zamanda tamaşaçılar möhtəşəm təbiət mənzərələri ilə tanış olur, dünyanın müxtəlif bölgələrindəki canlı aləminin gözəlliyini izləyirlər.

Bu sənədli film təkcə ekologiya deyil, həm də ömrünün böyük hissəsini təbiəti araşdırmağa həsr etmiş insanın şəxsi müşahidələri haqqındadır.

“Gizli sevgi” (

Film təxminən 70 il birlikdə yaşamış iki qadının – Terri Donahyu və Pet Henselin sevgi hekayəsindən bəhs edir.

Onların münasibəti eynicinsli cütlüklərin cəmiyyət tərəfindən qəbul edilmədiyi bir dövrdə başlayıb. Buna görə də qadınlar uzun illər sevgilərini ətrafdakılardan gizlətməyə məcbur olublar.

Yaşlandıqdan və başqalarının köməyinə ehtiyac duyduqdan sonra isə onlar mühüm seçim qarşısında qalırlar: münasibətlərini ailələrinə necə açıqlasınlar və birlikdə yaşamağa necə davam etsinlər?

Sənədli filmdə çoxsaylı arxiv fotoşəkilləri, videoyazılar, ailə üzvləri ilə müsahibələr və gündəlik həyatdan görüntülər yer alır. Ekran əsəri sevgi ilə yanaşı, sədaqət, yaşlanma, zamanın sınağı və cəmiyyətin dəyişməsi kimi mövzuları da əhatə edir. Film səmimi və emosional hekayəsi ilə seçilir.

Bu altı ekran əsəri fərqli mövzulara toxunsa da, hamısını birləşdirən əsas xüsusiyyət insan həyatının mürəkkəb tərəflərini göstərməsidir. Detektiv və triller həvəskarları üçün gərgin süjetlər, real hadisələrə maraq göstərənlər üçün təsirli dramlar, sənədli kino sevənlər üçün isə düşündürücü hekayələr təqdim olunur.