Üçəm dünyaya gətirdi, evsiz qaldı, 10 ay gözlədi – Qırğızıstan prezidenti ölkəni ayağa qaldırdı!

Qırğızıstan Prezidenti Sadır Japarov üçəm dünyaya gətirən, lakin yerli hakimiyyət orqanlarının vəd etdiyi mənzili ala bilməyən ananın probleminin həll olunmasını tapşırıb.

Hadisə ölkənin Cəlal-Abad vilayətinin Çatkal rayonunda baş verib. Prezidentin rayon sakinləri ilə görüşü zamanı üçəm anası ona müraciət edərək yerli hakimiyyət nümayəndələrinin ailəsinə yaşayış sahəsi veriləcəyini vəd etdiyini, lakin uşaqlarının artıq 10 aylıq olmasına baxmayaraq, bu vədin yerinə yetirilmədiyini bildirib.

Qadının müraciətini dinləyən Sadır Japarov aidiyyəti dövlət qurumlarına və yerli hakimiyyət orqanlarına məsələnin həlli ilə bağlı göstəriş verib. Prezident Qırğızıstanda üçəm dünyaya gətirən ailələrin dövlət tərəfindən dəstəkləndiyini xüsusi vurğulayıb.

Məlumata görə, söhbət 2026-cı il yanvarın 2-də Oş şəhərindəki doğum evində üç qız uşağı dünyaya gətirən 39 yaşlı Nazqul Jeentayevanın ailəsindən gedir. Üçəmlərə Aliyma, Aişə və Ayjan adları verilib. Ailənin bundan əvvəl də üç övladı olub və beləliklə, uşaqlarının sayı altıya çatıb.

Yanvar ayında yerli hakimiyyət orqanları ailəyə ümumilikdə 450 min som maddi yardım göstərib. Bundan əlavə, ailənin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 3 milyon som ayrılması və yeni ev tikilməsi məsələsi gündəmə gətirilib. Həmin dövrdə ailənin şəxsi mənzilinin olmadığı, qohumlarının yanında yaşadığı bildirilirdi.

Yayılan məlumatda isə Çatkal rayonunun Kanış-Kıya kəndində üçəm böyüdən ailəyə dördotaqlı evin sənədlərinin təqdim edildiyi bildirilib. Vilayət rəhbərliyinin nümayəndəsi Tilek Tekebayev ailəyə soyuducu da hədiyyə edib. Bununla belə, prezidentə edilən müraciətlə həmin evin təqdim olunması barədə məlumat arasındakı uyğunsuzluğun səbəbi açıqlanmayıb.

Sadır Japarov Çatkal rayonunun sakinləri ilə görüşündə mənzil təminatı ilə yanaşı, yolların vəziyyəti, nəqliyyat əlaqələri, su təchizatı və sosial problemlərlə bağlı müraciətləri də dinləyib. Dövlət başçısı müvafiq qurumlara və yerli rəhbərliyə vətəndaşların qaldırdığı məsələlərin araşdırılması və həlli barədə tapşırıqlar verib. /Musavat.com/